Space TV-nin rəhbəri Müşfiq Hətəmov kanaldakı dəyişiklər barədə açıqlama yayıb.
OLAY yazır ki, televiziya rəhbəri “Space”in 24-cü ildönümü münasibətilə kanal əməkdaşlarını təbrik edib, daha sonra antiböhran tədbirləri barədə yazıb:
“Hazırda uzun illər “Space”də çalışan əməkdaşların və çağırışımıza səs verən peşəkarların işbirliyi sayəsində antiböhran tədbirləri həyata keçiririk. İlk olaraq kritik vəziyyətdən çıxmaq üçün fəaliyyətimizə mane olan problemlər aradan qaldırılır.
HD yayıma tam keçid, yüksək zövqlü efir tərtibatı və tanıtım çarxları, “Sənədli filmlər” və “Eksperimental layihələr” studiyalarının qurulması işləri yekunlaşmaq üzrədir. Paralel olaraq imkanlarımız daxilində fərqli təqdimatda, yeni əhval-ruhiyyədə TV proqramlarını tamaşaçılara təqdim etmək üçün ciddi fəaliyyət başlayıb və həmin proqramların bir neçəsi artıq yayıma buraxılıb.
Bütün bunlar speysçilərin ilk və qısa müddətə hesablanmış hədəfləridir.Təbii ki, bizim daha böyük hədəflərimiz də var. Yaxın zamanda daha böyük iddialarla, rəqabətədavamlı fəaliyyətlə teleməkana yeni nəfəs gətirməyi qarşımıza məqsəd qoymuşuq”.