Xəbər verildiyi kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən etibarən ümumi tutumunun 50 faizindən çox olmamaq şərti ilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların faəliyyəti bərpa edilib.
OLAY yazır ki, uzun müddətdir tamaşaçısız qalan bu mərkəzlər üç gündür fəaliyyət göstərir.
Teatrlarda tamaşalar nümayişə qoyulsa da, kinoteatrlarda vəziyyət o qədər də ürəkaçan deyil. Belə ki, Azərbaycanın kino zallarında cəmi bir neçə film təqdim edilir.
Ölkənin ən böyük kinoteatrlarından olan Nizami Kino Mərkəzi 3-4 oktyabra aid repertuarını təqdim edib. Mədəniyyət ocağında cəmi üç- “Xoxanlar”, “Sevgi romanı” və “Ağanatiq 2” ekran işləri göstərilir.
Bilet qiymətlərində isə hansısa bir dəyişiklik yoxdur. Satış 6-8 manat arasında dəyişir.
“Cinemaplus” şəbəkəsi isə bir neçə gündür xarici filmləri öz repertuarına daxil edib. Belə ki, “Cəngəllikdə kruiz”, “Eltilerin savaşı”, “Gələrsən-görərsən”, “Baş qəhrəman” kimi xarici istehsallar tamaşaçılara təqdim olunur.
Həmçinin, kinoteatrlar şəbəkəsində oktyabrda ən gözlənilən premyeralar da olacaq. “Ölmək vaxtı deyil”, “Venom 2”, “Dyuna”, “Addams Ailəsi 2”, “Halloween öldürür”, “Düzəlməz Ron” kimi Amerika və Avropa istehsalı olan ekran işləri nümayişə qoyulacaq.
Həmçinin, “Park Cinema” şəbəkəsində də xarici və yerli kinolar tamaşaçılara təqdim edilib. Belə ki, müəssisədə “007: No Time To Die”, “Ağanatiq 2” və başqa layihələr nümayişdədir.