Xalq artisti Brilliant Dadaşovanın günlərdir instaqramda söz atdığı şəxsin həmkarı Tünzalə Ağayeva olduğu məlum olub.
OLAY yazır ki, belə ki, iki müğənni arasında “Səs Azərbaycan” yarışmasının dünənki buraxılışında gərginlik yaranıb. Tez-tez bir-birilərinin fikirləri ilə razılaşmayan münsiflərin sözü proqramın son buraxılışında da çəp gəlib.
Buna səbəb Eldar Qasımovun komandasının iştirakçısı Fərid Hüseynlinin çıxışından sonra Ağayevanın şərh verməsi olub. O, Fəridi çox bəyəndiyini, ritminin, mətn aksentlərinin tamam başqa olduğunu, iştirakçının məharətlə bu işin öhdəsindən gəldiyini söyləyib.
Fəridin çıxışına şərh verən Dadaşova isə həmkarı ilə razılaşmayıb, ona sərt bir şəkildə qarşı çıxıb:
“İlk notlara heç düşmədin. Mən ona görə məəttəl qaldım ki, Tünzalə xanım dedi alqışlayın. Ümumiyyətlə, anlamadım ki, sən hansı tondan oxuyursan”.
T. Ağayeva həmkarını cavabsız qoymayıb. O, deyib ki, onsuz da bu səhvi Dadaşovanın səsləndirəcəyini bilirmiş:
“Ona görə həmin məqama toxunmadım. Bilirdim ki, Birilliant xanım deyəcək. Mümkün deyil ki, eşidilməsin. Mən Fəridə başqa tərəfdən dəstək oldum”.
Hər iki sənətçinin gərgin anları efirdə əks olunub. Onlar gecə boyu bir-biri ilə dialoq qurmaqdan yayınıblar.
Qeyd edək ki, B. Dadaşova artıq bir müdətdir ki, İnstaqramda ad çəkmədən söz atır. O, əvvəlcə “Səs Azərbaycanda” qazi iştirakçı Nicat Tağızadəni ayaq üstə alqışlaması haqda yazıb. Qeyd edib ki, o zaman Nicat yox, onu alqışlayanlar gündəm olub və qazi öz şücaətindən danışa bilməyib. Həmçinin, onun digər qazi Murad Bayramlı ilə qarşılaşdırılmasından narahatlığını dilə gətirmişdi. Brilliant daha sonra “Ümid edirəm, digər münsiflər məndən ibrət alarlar, iştirakçılarına dəstək olarlar” sözlərini yazıb.
Bundan başqa o “story” bölməsində ard-arda atmacalı statuslar paylaşıb.