Xəzər Media Mərkəzində Azərbaycanın “Talant Mərkəzi Asiya” müsabiqəsindəki iştirakı ilə əlaqədar mətbuat konfransı keçirilib.
OLAY yazır ki, konfransda Xəzər TV-nin baş direktoru, Xalq artisti Murad Dadaşov, layihənin rəhbəri və münsiflər heyətinin üzvü Serik Akişev,layihənin aparıcısı Leyla Quliyeva, münsiflər heyətində Azərbaycanı təmsil edəcək Oksana Rəsulova iştirak edib.
O. Rəsulova münsiflər heyətinin tərkibində Azərbaycanı təmsil edəcək yeganə rəqqasə olmaqla yanaşı, çoxşaxəli fəaliyyəti ilə təşkilatçıların xüsusi marağına səbəb olub.
M. Dadaşov isə bu müsabiqənin türkdilli dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə, ideyaların həyata keçirilməsinə, mədəni münasibətlərin yeni mərhələyə qədəm qoymasına töhfə verəcəyini vurğulayıb.
Seçimlərdə 100-dən artıq iştirakçı şansını sınayıb. Müxtəlif sahələrdə qeyri-adi bacarıq, istedad sərgiləyərək münsiflər heyətinin rəğbətini qazananlar 1 həftə ərzində elan olunacaqlar. Həmin şəxslər dekabr ayının 21-22-də keçiriləcək növbəti seçim mərhələsinə vəsiqə qazanacaqlar.