Dünyaca məşhur “Central Asia's Got Talent” (Talant Mərkəzi Asiya ) şousunda münsiflər heyətinin tərkibində bir azərbaycanlı məşhur olacaq.
Bu barədə OLAY-a Xəzər Media Mərkəzindən bildirilib. Qeyd olunub ki, sözügedən tanınmış şəxsin kimliyi noyabr ayının 25-də keçiriləcək mətbuat konfransında açıqlanacaq.
Bildirilib ki, Azərbaycan üzrə seçim turları noyabrın 24-ü başlayacaq. Vurğulanır ki, şouda yaş məhdudiyyəti yoxdur. Kastinq iki gün, 24-25 noyabr tarixlərində, saat 10:00-dan 17:00-dək Bakıda, “Xəzər" TV-də keçiriləcək. İştirak üçün şəxsiyyət vəsiqəsi mütləqdir.
Qeyd edək ki, yarışma bu gün dünyanın 70-dən çox ölkəsində yayımlanır. “Got Talent” formatı dünyanın ən uğurlu realiti-şousu kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Layihə Mərkəzi Asiyadakı istedadların yolunu yenidən açır. İkinci mövsümdə bu şouya ilk dəfə olaraq Azərbaycan da qoşulur. Möhtəşəm yarışın Azərbaycan üzrə tərəfdaşı “Xəzər" Media Mərkəzidir. “Central Asia's Got Talent” ( Talant Mərkəzi Asiya ) şousunun seçimi beş ölkədə - Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanda keçiriləcək.
Yarışın finalı isə Qazaxıstanın Türküstan şəhərində təşkil olunacaq. Qalibi 40 min manat mükafat gözləyir.