Xalq artisti Nazpəri Dostəliyeva səhhətində problem yaranan müğənni bacısı Zeynəb Dostəliyeva ilə bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə o, “Günün sədası” proqramına telefonla bağlanaraq danışıb. Sənətçi deyib ki, bacısının sağlamlıq vəziyyətində ciddi problemlər var:
“Son vaxtlar deyirdi ki, böyrəyimdə problem var. Bir müddət müalicə də olunmuşdu. Son bir həftədə o, çox yayılan qrip virusuna yoluxdu. Mənim xəbərim yox idi, demə, evdə yatırmış. Bir də qızı zəng etdi ki, əli-ayağı şişdir, qızdırması var, bədənindən su gəlir. Həmin an dərhal xəstəxanaya yerləşdirdim. Qızdırma qanı qatılaşdırıb. Tromp olduğu üçün ürəyinə qan getmir, ciyəri tamamilə sıradan çıxıb. Böyrəyi də sıradan çıxmaq üzrədir. Bu günlərdə bacardığım qədər üstünə düşmüşəm.
Qaraciyər transplantasiyasına və böyrək köçürməsinə ehtiyacı var. İndi insanları tanıyır, danışır, mən yanına girirəm, başqa heç kimi buraxmırlar. Nə vaxt məni görsə, ağlayır. Mən də dözmürəm çıxıram. Bir az özünə gəlib, qızdırması gedib, şişi çəkilib. Ölüm vəziyyətindən uzaqlaşıb. Mən ölkə başçımıza, Nərgiz xanıma və bütün anaların yanında olan, dəstək göstərən Mehriban Əliyevaya bir ana kimi müraciət etmişəm. İnanıram, Mehriban xanım icazə verməyəcək ki, mən ikinci travmanı alım. Dövlətimiz mənə hər zaman diqqət göstərib. Bütün varlığımla inanıram ki, bu gün də kömək olacaqlar. Bir sənətkara ikinci ağır iktinin üz verməsi, onun yox olmasıdır. İnanıram ki, dəstək olacaqlar”.