Aparıcı Rövşanə Ağasəfqızı bir müddətdir ki, müzakirə olunan şəhərli-rayonlu mövzusuna münasibət bildirib.
OLAY yazır ki, bu barədə o, “Sabaha saxlamayaq” verilişində danışıb. Aparıcı bildirib ki, Əməkdar artist Bəhram Bağırzadə kimi Bakıda urbanizasiya qaydalarının pozulduğunu düşünür:
“1960-1970-ci illər ən qaymaq dövr idi. O vaxt rayondan şəhərə qaymaq ailələrinin övladları oxumaq üçün gəlirdi. Hətta çobanın da oğlu təhsili üçün Bakıya üz tuturdu. Bu gün isə işə görə, sürücülük etməyə gəlirlər. Yəni balans pozulub. Vaxt var idi ki, imkanı olanlar oxumaq üçün Moskvaya gedirdi. Bu gün xaricə oxumaq üçün gedib qayıtmaq istəmirlər. Problem budur.
Rayondan gələnlər yetəri qədər çoxdur. Biz o dövrlə müqayisə etmək istəmirik, çünki onda tamam başqa idi. Hazırda əməlli-başlı bir sel gəlir. Onlar da işləmək istəyirlər. Qadınlar xidmətçi, dayə işləmək üçün bura köçürlər. Onlarla hansı şəhər mədəniyyətini formalaşdıracağıq? O insanlarla bunu edə bilmərik. Şəhər mədəniyyətini formalaşdıran təhsil, intellektdir. Təhsilimiz bərbad gündədir. Bunu buradan səsləndirirəm. Cümlə yaza, cümlədə vergül qoya bilməyənlər çıxıb müzakirə aparırlar. Biz mədəniyyəti formalaşdırmaqdan danışırıq. Amma mədəniyyəti beyinlər inkişaf etdirir. Bizim böyük bəstəkarlarımız kənddə qalsalar musiqi müəllimi olacaqdılar, ədəbiyyat adamları tamada, Azərbaycanı təmsil edən müğənnilər rayonda yaşamağa davam etsələrdi, toy ifaçısından o tərəfə gedə bilməyəcəkdilər. Şəhərə gəlib oxumalı idilər. Təhsil aldılar və mədəniyyəti formalaşdırdılar. Burada şəhərli-rayonlu məsələsi deyil. Mühit lazımdır, o da yoxdur, urbanizasiya qaydaları tamam pozulub və kababxanaya çevrilib”.