Tarzən Humay Qədimova “Calm Down” mahnısına görə tənqid olunmasına münasibət bildirib.
OLAY yazır ki, bu barədə o, “Səhərin səsi” verilişində danışıb. Humay deyib ki, platformaların hər birində bu ifasına müxtəlif reaksiyalar gəlib:
“Bu mahnı ilə bağlı studiyada işlər gedirdi, artıq hazır idi. Amma ifa etmək üçün bir mühit lazımdır, elə oldu ki, həmin toyda səsləndirdim. O da Səidə Sultanın ifası ilə üst-üstə düşdü. Səidədə də gözəl alınıb. Mən platformalarda paylaşanda həm müsbət, həm də mənfi qarşılayanlar oldu. Bu da təbiidir. Onlar arasında da fərq var. TikTok və instaqram izləyiciləri normal qəbul etdi. Feysbukdakılar isə birmənalı olaraq qəbul etmədi. Heç anlamadım ki, 2007-ci dildə Tarkanla “Hepsi senin mi” mahnısını səsləndirdim, onda niyə heç nə demədiz?
Məsələ ondadır ki, həmişə başqa ölkənin ulduzlarına maraq göstərmişik, biletlərlə konsertlərinə görə özümüzü öldürürük. Yadınıza gəlirsə, Burak Özçivit gələndə, bilet pulu 20 manatdan 8 minə qədər artırdı. Bizdə o qədər peşəkar, sözünü deyən sənətkar var. Görürsən ki, tamaşaçı elə maraq göstərmir. ANS-in “Bizimkilər” layihəsində ən gənc və titulsuz ifaçılardan biri idim. Onların sırasında da gözəl sənətkarlarımız, xalq artistlərimiz olurdu. Onun da marağı elə idi ki, Maykl Ceksondan tutmuş bir çox dünya ulduzunun mahnısı repertuarda yer alırdı. Deyirlər, milli musiqi alətimiz tara belə bir mahnı yaraşmır. Mən yutub kanalımda bütün bəstəkarlarımızın klassik əsərlərinə müraciət etmişəm. Peşəkar musiqiçi kimi baxışla hər şeyi ölçmürəm. Qəbul etsələr də, etməsələr də, sağ olsunlar. Mən 15 ilə yaxındır ki, pedaqoji fəaliyyətlə məşğulam. Hazırda milli musiqi alətlərimizə maraq azalıb. Uşaqların beynində odur ki, gedib ancaq muğam ifa edəcək. Biz də bu təffəkkürü dəyişmək istəyirik. Demək istəyirik ki, tarın imkanları genişdir”.