“Elə məqamlar olub ki, aktyor olmağıma peşman olmuşam, hətta sənətdən küsüb getmişəm də... Çıxdım teatrdan, dedim alver eləmək istəyirəm. Ukraynada yaşayan qohumuma zəng etdim ki, nə lazımdır? Dedi, gör konyak varsa, onu al gətir. O da ki, qadağan olunmuşdu axı. Risk etdim, 40 konyak alıb getdim.
Başqa qatara bilet aldım. Sonra öz qatarıma keçdim, onda da yatıb qalmışam. Konyaklar ucuz qiymətə satıldı, uşaq kalqotqaları aldım ki, o pula satım. Heç o da satılmadı, pul çıxmadı”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Qurban İsmayılov “Düzünə qalsa” proqramında qonaq olarkən deyib. Məşhur aktyor həyatda üzləşdiyi çətinliklərdən danışıb:
“Çox içən olmuşam. Peşə məktəbində oxuyurdum, yataqxanada qalırdım. Elə də pulumuz yox idi. Dostlarla daha çox yeyirdik, nəinki içirdik. Bu da 27 il əvvələ kimi davam etdi. İnstitut vaxtı eşidirdik ki, böyük aktyorlar içən olur. Axı bizim də böyük aktyorlarımız içirdi. Düşünürdük ki, içəndə yaxşı olur, daha böyük aktyor olmaq olar.
İçib, sənətdən danışırdıq. Amma müəyyən müddət keçir ki, bədən dözmür. Az qala həyatla vidalaşırdım, üstümə təcili tibbi yardım gəldi, məni təzədən həyata qaytardılar. Bu, mənim 3-cü həyata gəlişim sayılır. Ötən il infarkt keçirtdim, açıq ürək əməliyyatı oldu. Hələ uşaq vaxtı bibim həyətdə iş görəndə dərin quyuya da düşmüşəm”.