Müğənnilər Sevil və Sevinc Səfərovalar müzakirə yaradacaq açıqlama verib.
OLAY yazır ki, bu barədə bacılar “Səhərin səsi” proqramında danışıblar. Sevinc deyib ki, qadın ailədə fədakar olmalı, yeri gəlsə, xəyanəti də bağışlamalıdır:
“Xəyanətə görə ailəmi dağıtmaram. Bu kişilərə xas olan şeydir, onlarda qəbul olunur. Söhbət ailədən gedirsə, orada nələrisə keçməlisən. Qadınlar daha çox fədakarlıq etməlidir. Son zamanlar belə şeylər var, üstünə qışqırır, çamadanı yığır.
Evdə söz götürməmisən? Valideynin sənə güldən ağır söz deməyib?! Yaxud da qayınananın sözünü şişirdirlər. Vaxtında anamız elə şillələr vurub ki, gəl görəsən, indi deyir ki, sizə əl qaldırmamışam. Oxlovla döymüsən, nəyə əl qaldırmamısan? İndi qayınanalar bir söz deyən kimi deyirlər, mənə qışqırdı. Anan qışqırıb da sənə. Deyirlər, həyat yoldaşım xəyanət etsə, bağışlamaram. Bu böyük cümlədir, ailəli olan xanımlar çox istifadə etməsin. Ağıllı, yaxşı kişi xəyanət edirsə, onu büruzə vermir. Verirsə də, boşluq var orada, safdır. Mənim baxışım fərqlidir, çünki anamdan elə görmüşəm. Fədakarlıq edib, böyük şeyləri keçib ki, övladları atasız böyüməsin. Bəlkə də bu elə ailə tərbiyəmdən gəlib”.
Sevil də bacısının fikirlərini təsdiqləyərək bu sözləri bildirib:
“Xanımlar nə qədər gözü yumulu olsa, aradan pərdəni qaldırmasa, yaxşıdır. Sən bunu bildin üzünə vurdun, boşanmayacaqsansa, aradakı pərdəni qaldırma. Yenə də deyirəm ailəli deyilik deyə, bəlkə də bizə danışmaq asandır. Kənardan danışırıq”.