Məşhur aparıcı Azər Süleymanlıya ağır itki olub.
OLAY yazır ki, bu barədə İTV-nin siması instaqram hesabında məlumat yayıb. Azər qeyd edib ki, ona nənə əvəzi olan qadını itirib:
“Heç bilmirəm ki, haradan başlayım… Mən nənələrimi itirəndə yaşım az idi. Heç doymamışdım onlara. Nənə evində qalan dayım, əmim uşaqlarına da həsəd aparırdım daima.
Sonra ailə qurdum. Allah mənə daha bir nənə verdi. Həyat mənə bir daha öyrətdi ki, “ürək” - bütün bioloji faktorlardan yüksəkdədir. Sevmək üçün “qan” deyil, “can” gərəkdir! Canım bildim, canı bildi...
Ondan uşaqlığımın ətri gəlirdi, onunla uşaqlığım geri gəlmişdi, dilimdə yenidən “nənə” kəlməsi dirçəlmişdi…
Bilirdim ki, bu hekayənin də ömrü çox qısadır. Ona görə hər görüşümüzdə uzun-uzun baxırdım, üzünü, gülüşünü yaddaşıma həkk etməyə çalışırdım, öpürdüm, sarılırdım, əllərinin istisini belə unutmamaq üçün əllərini əlimdə saxlayırdım…
Söz verirəm! Səni, nəfəsini, istiliyini, körpə gülüşlərini, bişirdiyin dünyanın ən dadlı kotletlərini, köynəklərimə çəkdiyin ütüləri, şirin söhbətlərini, mənə hiss etdirdiklərini heç vaxt unutmayacağam, nənə!
Bağışla ki, səni son mənzilinə yola sala bilmədim. Çiyinlərimə ağırlıq payın borc qaldı!”