Əməkdar artist Rafiq Həşimov mərhum Xalq artisti Fuad Poladovla bağlı xatirələrini bölüşüb.
OLAY yazır ki, diktor bu barədə “O üz” verilişinə qonaq olarkən danışıb.
O bildirib ki, F. Poladov xəstəliyini bilirdi və sanki ölümə hazırlaşırdı.
“Axırıncı 10-11 ayı bir yerdə olmuşuq. O müddət ərzində vidalaşırdı. Qəbiristanlıqlara tez-tez gedərdik, qohum-əqrabası ilə vidalaşırdı. Bunu başqa cür adlandıra bilmirəm. O bilirdi ki, xəstəliyi müalicə olunan deyil. Artıq o mərhələdə idi ki, xərçəng müalicəyə tabe olmurdu, ölümcül həddə idi. Günlərin birində dedi ki, gedək “Qurd qapısı” qəbiristanlığına. Gördüm orada daşın üstündə “F.P.” yazılıb. Sən demə yer götürüb. Dedi, yəqin burada dəfn olunaram.
Elə evə qayıdanda söylədi ki, birdən həmin gün külək olar, xahiş edirəm, oğlu da cavan idi, birdən özünü itirər, evlərin arxasında xeyir-şər yeri var, camaat da soyuqda qalmasın, orada keçirərsiniz. Bir il müddətində hər gün sanki ölüm məşqi edirdi. Bunu başqa cür adlandıra bilmirəm. Bəlkə də bu cür deməyim yersizdir, amma mənə belə bir təəssürat bağışlayırdı. Hər gün sanki ölməyi öyrənirdi”
Qeyd edək ki, Fuad Poladov 2018-ci ildə vəfat edib.