Əməkdar artist Dilarə Əliyeva “Dönənlər” filmindəki obrazı barədə danışıb.
OLAY yazır ki, sənətçi Xəzər TV-də yayımlanan “Səhər mərkəzi” proqramında fərqli xarakterdə tamaşaçı qarşısına çıxacağını deyib:
“Görün orada nə qədər güclü dramaturgiya, aktyor oyunu, dinamika olmalıdır ki, saat yarım, bir masanın ətrafında, heç bir əlavə məkan olmadan tamaşaçını qorusun saxlasın
Aktrisa kimi yaradıcılığımda bu qədər “oynayım, yoxsa oynamayım” dilemması qarşısında qaldığım heç bir obraz olmayıb. Bu xarakteri oynamaqdan iki dəfə imtina etdim. Tərəddüd etdim ki, insanlar Dilarə Əliyevanı belə bir obrazda görməyə hazırdırlarmı? Buradan tamaşaçılara demək istəyirəm ki, bəlkə onlar mənə başqa cür yanaşırlar. Mənə də öz işinə peşəkar yanaşan bir aktrisa kimi fərqli xarakterlər oynamaq, cildən-cildə girmək, bunu yaşamaq maraqlıdır. Bu, artıq mənim ruhumdadır. Başqalaşmaq, başqa obrazlarla tanış olmaq istəyirəm. Tamaşaçılarımın bir qismi məndən üz döndərə bilər, amma bilin ki, aktrisa səhnəyə çıxıb öz obrazını oynaya bilər, oradan düşəndən sonra üstünün tozunu çırpıb gedib öz həyatını yaşayar. Hər hansı bir aktyorun mənfi obrazı oynaması onun nə xarakterinə, nə şəxsiyyətinə yansımır. Bunları ayırmağı bacaraq, aktyorları bu məharətinə görə alqışlayaq, gözümüzdən salmayaq. Bir də görürsən belə aktyorlara tamaşaçı deyir ki, gözümdən düşdü. Nəyə görə? Neylədi ki?”.
Qeyd edək ki, 28 dekabrda təqdim olunacaq filmdə baş rollarıda aktyorlar Elcan Rəsulov, Ziya Ağa, Oktay Mehtiyev, Fərhad Səmimi, aktrisalar Günay Əhməd, Oksana Rəsulova da çəkilib.