“Evdə iki ağıllı, kamil insanın yaratdığı demokratik ab-hava olmalıdır. Ən əsası valideynlər övladın yanında bir-birini təkzib etməməlidir. Tərəddüd və iradlar varsa, kənara çəkilib deyilməlidir ki, sən bu sözü düz demədin”.
OLAY yazır ki, bu sözləri “Düzünə qalsa” verilişində bəstəkar-müğənni Murad Arif deyib. O bildirib ki, ailədə kişinin yumruğunu masaya vurub özünü xatırlatması anlayışı düzgün deyil:
“Münasibətlərdə bərabərhüquqlu olmağın tərəfdarıyam. Kişi yumruğunu vurub özünü xatırlatmalı deyil tez-tez. Niyə? Məgər bu qədər biçarə, zəifdirmi? Məgər onun qayğısına qalmırlar evdə? Kişi sevilirsə, yumruğa ehtiyac varmı və yaxud tam əksinə! Münasibətdə sevgi, hörmət, qayğı önəmlidir. Hər şeyi paylaşmaq olar”.
Sənətçi söyləyib ki, sonuncu dəfə atası vəfat edəndə göz yaşı töküb:
“Bir söz var, deyirlər, kişilər ağlamaz. Kişilər elə ağlayır, elə ağlayır ki... Amma bunun kameralara aidiyyatı yoxdur. Sonuncu dəfə atam rəhmətə gedəndə ağlamışam. Mənə elə gəlir ki, kifayət qədər tutarlı səbəb olmalıdır ki, dəmir xarakterli insanlar ağlasın. İnsanı bundan şiddətli nəsə qıra bilməz! Bu elə bir şeydir ki, sənin ixtiyarından çıxıb artıq. Atamı görsəm heçnə deməzdim. Elə şeylər var ki, mən o barədə danışmıram ki. Mən onu baxışlarımdan ifadə edərdim”.