“Xəzər axşamı” verilişinin canlı efirində aparıcı Mətanət Əliverdiyeva və proqrama qonaq olan Əməkdar artist Şəbnəm Tapdıq arasında gərginlik yaşanıb.
OLAY yazır ki, buna səbəb efirdə təqdim edilən sorğu videosu olub.
Belə ki, şəhər sakinlərindən “Şəbnəm dedikdə ağlınıza ilk kim gəlir?”, - deyə, sual verilib. Və insanların əksəriyyəti “Şəbnəm Tovuzlu” cavabını verib. Sorğuda insanlardan öz adını eşitməyən Tapdıq əsəbiləşərək “Buna nə ehtiyac var idi? Məqsəd nədir? Bu, qurulmadır” deyərək etiraz edib. Mətanət isə “Sizin inciməyə haqqınız yoxdur”, - deyə, bildirib.
“Mən verilişə gələndə qəsdən Şəbnəm Əsədova (Tovuzlu) adı çəkilməlidir. Siz o xanımı təbliğ edirsiz, xoşuma gəlmədi... Heç hənanın yeridir? Mənimlə ad söhbəti edirsiz. Onun əsl adı Aygündür, Aygün Əsədova. Anasının mənim adımdan xoşu gəlib, Şəbnəm adını verib. İnsanlar çox gözəl başa düşəcək ki, bu qurulmadır”, - deyə, müğənni fikirlərinə əlavə edib.
Əliverdiyeva isə gərgin halda “Bizim verilişdə qurulma ola bilməz, fikriniz başqa yerə getməsin”, - deyə, söyləyib.