Türkiyədə mahnı sözlərini bilmədiyi üçün qətlə yetirilən müğənni Onur Şenerin ölümünə yerli məşhurlar da reaksiya bildirib.
OLAY yazır ki, müğənni Günel Zeynalova instaqramda bu sözləri qeyd edib:
“İstək mahnını bilmədiyi üçün öldürülən musiqiçi Onur Şenerə Allahdan rəhmət diləyirəm. Musiqiçilər hər mahnını bilməyə məcbur deyil. Ancaq belə şərəfsizlər həddini bilməlidir. Çox üzüldüm”.
Müğənni Zamiq Hüseynov isə qatilə ən ağır cəzanın verilməsini tələb edib:
“Dünyada nə qədər cahil insanlar var, mahnıya görə bir insanın həyatına son qoyasan. Bir övladı atasız, valideyn övladsız qoyasan. Ən ağır cəza verilməlidir! Hamı bilsin! Ən cılız, kompleksli, diqqətsiz qaldığını hiss edən insanlar özlərinə diqqət çəkmək üçün səhnəyə çıxar, musiqiçiyə nəsə ağır söz deyər! Cahillik...”.
Aparıcı Leyla Quliyeva isə bu fikirləri paylaşıb:
“Onur Şener çıxış etdiyi məkanda bilmədiyi və ya oxumaq istəmədiyi mahnıya görə qətlə yetirilib. Mahnıya görə… Kiminsə cılız, xəstə eqosuna görə. Kiminsə yox, nəyinsə! O məxluq tərəfində inan öldürülüb”.