Məşhur rus estrada müğənnisi Sergey Lazarev Ukraynadakı hərbi əməliyyatlarla razılaşmadığı üçün Rusiyanı tərk etməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.
OLAY yazır ki, o, instaqramda post paylaşaraq adından məlumat yaydıqlarını, fikirlərin ona aid olmadığını bildirib:
“Absurd odur ki, bu cür nəticələr çıxarmaq üçün bəzi jurnalistlərə və “rəy liderlərinə” ümumiyyətlə heç bir fakt lazım deyil. Kifayət qədər şayiələr və fərziyyələr uydurulub. Sonra isə bundan sadəcə olaraq öz eqoist məqsədlərinə çatmaq üçün istifadə edirlər! Çox istəyirəm ki, ictimai insanlar haqqında saxta məlumatların yayılmasına görə məsuliyyət tətbiq edilsin”.
"Mən rusam! Və mən bundan heç vaxt utanmamışam! Mən Rusiyanı səmimi qəlbdən sevirəm! O, məni iki dəfə Eurovision Mahnı Müsabiqəsində ölkəmi təmsil edən, musiqi arenasında şərəfini qoruyan, Rusiya bayrağını qürurla daşıyan güclü şəxsiyyət və tanınmış sənətçi kimi yetişdirdi. Mən təkcə sözlə deyil, əməlimlə sübut etdim” - deyə S. Lazarev sözlərinə əlavə edib.
Qeyd edək ki, teleaparıcı Kseniya Borodinanın keçmiş əri Qurban Ömərov Telegram-da S.Lazarevə məxsus olduğu iddia edilən açıqlamanı yayaraq onun Rusiyanı tərk etdiyini qeyd edib.