Rusiyanın Ukraynadakı apardığı hərbi əməliyyatlardan sonra Avroviziya qalibi Jamalanın “1944” adlı mahnısı Azərbaycanda yenidən populyarlıq əldə edərək trend olub.
OLAY yazır ki, 2016-cı ildə Ukraynaya birincilik gətirən bəstə musiqi platformalarında daha çox dinlənilməyə başlayıb. Belə ki, “1944” hazırda “Apple Music Azerbaijan” Top-100 siyahısında 68-ci sırada yer alib. Bundan əlavə, mahnı “Spotify”da 1 həftədə 250 minə yaxın dinlənilib.
Həmçinin, Jamalanın ümumi dinləyiciləri son həftələrdə 10 mindən 50-60 minədək yüksəlib.
Qeyd edək ki, Jamala “1944” mahnısı ilə Ukraynanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmiş və finalda 534 xal toplayaraq qələbə qazanmışdı. Mahnı 1944-cü ildə Krım tatarlarının Mərkəzi Asiyaya deportasiyası zamanı müğənninin nənəsinin itirdiyi qızı haqqındadır və mahnının sözləri Jamalanın özü tərəfindən 2014-cü ildə yazılıb.
Rus şərhçilər mahnının Rusiyanın Krıma hərbi müdaxiləsi və Donbass müharibəsi barəsində olduğunu iddia edərək, bu tip siyasi mövzuda olan mahnının müsabiqənin qaydalarını kobud şəkildə pozduğunu bildirmişdi.
Lakin mahnıda hansısa birbaşa siyasi ismarıc olmaması səbəbindən mahnının Avroviziyanın qaydalarını pozmadığı daha öncə Avropa Yayım İttifaqı tərəfindən təsdiqlənib. Jamala da verdiyi müsahibələrdə ifa etdiyi mahnının siyasi mövzuda olmadığını və mahnını yazmaqda əsas məqsədinin 1944-cü ildə nənəsinin yaşadığı acıları, dəhşətli anları dinləyiciyə çatdırmaq olduğunu bildirmiş və mahnının onun üçün yalnız şəxsi anlam daşıdığını vurğulayıb.