Ukraynanı Avroviziya- 2016 mahnı müsabiqəsində qalib olan Jamala qaçqın kimi Rumıniyaya gedib.
OLAY yazır ki, bu barədə məşhur müğənni instaqram hesabında məlumat verib. Sənətçi qeyd edib ki, iki övladı ilə birgə Rusiya tərəfindən hücuma məruz qalan Kiyevi tərk etməyə məcbur olub.
O, artıq sərhəd keçid məntəqəsində olduğunu, həyat yoldaşının isə Ukraynada qaldığını bildirib.
Qeyd edək ki, Jamala “1944” mahnısı ilə Ukraynanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmiş və finalda 534 xal toplayaraq qələbə qazanmışdır. Mahnı 1944-cü ildə Krım tatarlarının Mərkəzi Asiyaya deportasiyası zamanı müğənninin nənəsinin itirdiyi qızı haqqındadır və mahnının sözləri Jamalanın özü tərəfindən 2014-cü ildə yazılmışdır.
Rus şərhçilər mahnının Rusiyanın Krıma hərbi müdaxiləsi və Donbass müharibəsi barəsində olduğunu iddia edərək, bu tip siyasi mövzuda olan mahnının müsabiqənin qaydalarını kobud şəkildə pozduğunu bildirmişdirlər.
Lakin mahnıda hansısa birbaşa siyasi ismarıc olmaması səbəbindən mahnının Avroviziyanın qaydalarını pozmadığı daha öncə Avropa Yayım İttifaqı tərəfindən təsdiqlənmişdir. Jamala da verdiyi müsahibələrdə ifa etdiyi mahnının siyasi mövzuda olmadığını və mahnını yazmaqda əsas məqsədinin 1944-cü ildə nənəsinin yaşadığı acıları, dəhşətli anları dinləyiciyə çatdırmaq olduğunu bildirmiş və mahnının onun üçün yalnız şəxsi anlam daşıdığını vurğulamışdır.