Son illər dəyişilən musiqi trendləri ölkəmizdən də yan keçmədi. Dəyişilən zövqlər, Z nəslinin seçimləri musiqi tərəzisini dəyişməyi bacardı. “TikTok”un da zövqlərə və dinlənmə sayına xeyli təsiri olub. Bəs, bu il Azərbaycan şou-biznesində ən çox hansı mahnı dinlənilib?
OLAY 2021-ci ildə “Youtube” platformasında ən çox dinlənilən Azərbaycan mahnılarının siyahısını təqdim edir:
Müğənnilər Vəfa Şərifova və Nəfəsin sözlərində Azərbaycan dilini “böyrü üstdə” qoyduqları “Arkadaş” mahnısı siyahıya başçılıq edir. Klipin baxış sayı 12,6 milyondan çoxdur.
Müğənni Talıb Talenin “Dağlar” ifası 2-ci pillədə 11,7 milyon izlənilmə sayı ilə qərarlaşıb. Son illərin yüksələn siması Hiss fərqli tərzi ilə 3-cü pillədədir. Onun “Karma”sı bu il 8,4 milyon dinlənilib. Xalq artisti Miri Yusifin 2020-ci il dekabrın son günü təqdim etdiyi “Hayatım” 4-cü pillədə 8,1 milyon izlənilmə ilə qərarlaşıb.
Talıb Tale həm də 5-ci pillədədir, amma tək yox. Zeynəb Həsəni ilə “Narın-narın” mahnısı 7,6 milyon dəfə dinlənilib. Əkizlər Sevil və Sevincin Nurlan Təhməzli ilə “Baş bəlası” 6,8 milyon izlənmə sayına çataraq 6-cı pillədə qərarlaşıb.
Dekabrın ilk günlərində təqdim edilib, “TikTok”da və toylarda hitə çevirilən “Leyli”nin 6,6 milyon baxış sayı var. Bu mahnı isə toybəyilərin son zamanlar ən çox adını eşitdiyi Zeynəb Həsəni və Nəfəsindir. Onlar 7-ci sırada yer tutublar.
Şəbnəm Tovuzlunun “Həci”sinin qolları, ayağı və saqqalının göründüyü “Ömrüm günüm” klipində isə 5,3 milyon görüntülənmə sayı var. Mahnı ən çox dinlənilənlərdə 8-ci sıradadır.
9-cu sırada eyni zamanda 2-ci pillədə də qərarlaşan Hiss var. Onun “Sayıram”ı 4,4 milyondan çox dinlənilib.
10-cu pillənin sahibi reper Mirodur. Onun “Təcili yardım”ı 4,2 milyon dəfə “çağırılıb”.
Yerli pop musiqinin az dinlənildiyi zamanlarda “Çətin” olsa da Natavan Həbibi 4,2 milyon dəfə izlənilməyi bacarıb. O, siyahıda 11-ci yerdədir.
12-ci pillədə “Yadıma düşdü” və “Yadında” mahnıları ilə yenə də Talıb Taledir. Onun mahnılarının biri 3,8, digəri isə 3,9 milyon dəfə dinlənilib. Zemfira İbrahimova və Samir Abışov dueti 3,5 milyon dəfə dinlənilib. Onlar “Pare-pare” mahnısıyla 13-cü sıradadır. Talıb Tale daha bir mahnısı - “Birdənəm”lə 14-cü pillədə 3,1 milyon baxış sayı ilə “taxt qurub”.
Damlanın son illər dəyişən tərzi isə izlənilmə sayına öz təsirini göstərib. 15-ci pillədə “Lənət olsun”la qərarlaşan müğənni bu mahnısıyla 2,8 milyon dəfə qulaqların qonağı olub.
Sosial mediada məşhurlaşıb “Altın kelebek” namizədi olan Ayaz Babayevin “Sən mənlə” mahnısı toylarda ən çox ifa edilənlərdəndir. 16-cı sırada olan mahnı 2,7 milyon dəfədən çox səsləndirilib.
17-ci pillədə də “Türkvizyon” müsabiqəsinin qalibi Fərid Həsənovdur. Onun “Dolar”ı 2,6 milyon dəfə izlənilib.
18-ci pillədə Zeynəb Həsəninin “Həvəs” mahnısı 2,5 milyona yaxın baxış sayı ilə qərarlaşıb. 19-cu sırada Xalq artisti Röya Ayxanla müğənni Rauf var. Onların Tiktokda rəqs trendi olan “Olar”ı 2,4 milyondan çox baxış sayı toplayıb.
Səidə Sultanın “Ayrı-ayrı” mahnısı 20-ci yerdədir. Ən çox dinlənilənlər siyahısında olan mahnının 2,1 milyon baxışı var.
Üzeyir Mehdizadənin də mahnılarında baxış sayının düşməsi müşahidə olunur. 21-ci pillədəki sənətçinin “Ürəyinə salma heç nəyi” adlı klipinin baxış sayı 2,1 milyondur.
Qeyd edək ki, bu il Xalq artisti Aygün Kazımovanın “Dənizin ortasında”, Röya Ayxan və Zamiq Hüseynovun “Neylərsən”, Pasterlə OD-un “Yaşma”, Türkan Vəlizadənin “Bivəfa yarım”, Günay İbrahimlinin “O bəsimdir”, Noton və Mehdi Sadiqin “Səncə nədən?”, Madteen və Rəssamın “Mən istədim”, Kənanın “Duman”, Faiq Ağayev və Lalə Məmmədovanın fərqli tərzdə ifa etdiyi “Səni əvəz eləmir” adlı ifaları da ən çox dinlənilənlər sırasında yer alıb.
P.S: Siyahıda “Eurovision” mahnımız “Mata Hari”, Rusiya və Türkiyə şou-biznesində yer alan və kütləsi daha çox sözügedən ölkələrdə olan müğənnilərimizin mahnıları yer almayıb.