İsrail 69-cu Avroviziya Mahnı Müsabiqəsində təmsilçisi – “The Rising Star”ın (HaKokhav HaBa) qalibi Yuval Rafaellə bağlı qərar verib.
OLAY yazır ki, Yanvarın 22-də dörd iştirakçının qələbə uğrunda mübarizə apardığı müsabiqənin finalı baş tutub.
Münsiflər və tamaşaçıların səsverməsinin nəticələrinə əsasən, Yuval mükafatı və beynəlxalq mahnı müsabiqəsinin keçirildiyi İsveçrənin Bazel şəhərinə vəsiqə qazanıb.
“Nə qədər həyəcanlı və hazır olduğumu təsvir edə bilmirəm! Ölkəmi İsveçrədəki böyük Eurovision səhnəsində təmsil etmək üçün göstərdiyiniz bu böyük etimada və şərəfə görə sizə təşəkkür edirəm”, - Y. Rafael bildirib.
Yuval Rafaelin Bazeldə hansı mahnını ifa edəcəyi yaxın həftələrdə məlum olacaq - onu İsrailin yayımçısı KAN seçəcək.
Həmçinin bildirilib ki, Y.Rafael 2023-cü il oktyabrın 7-də Həmas terrorçularının hücumuna məruz qalan “Nova” festivalında olub – hücum zamanı o, təxminən 50 nəfərlə birlikdə festivalın yanında yerləşən bomba sığınacağına sığınıb. O, sağ qalan 12 nəfərdən biri olub.