Musiqi
Musiqi

AISEL-dən “SUAL VAR”

AISEL-dən “SUAL VAR”

Bəstəkar-müğənni AISEL (Aysel Məmmədova) yeni triloji EP albomunu təqdim edib. “Sual Var” adlanan albomdakı mahnıların bəstələri ifaçının özünə, sözləri isə Nəriman Abbaszadəyə aiddir. Xatırladaq ki, bu ifaçının mahnı sözü yazarı Nəriman Abbaszadə ilə ilk işi deyil. Daha öncə, “Nə İsə...” və “Dönən Deyiləm” mahnılarının sözləri də nəğməkar-şair Nəriman Abbaszadəyə aiddir. Mahnıların aranjimanı, miks-masterinqi üzərində isə Emin Kərim (STKHA) çalışmışdır. Qeyd edək ki, trilogiya olaraq, təqdim olunan albom Azərbaycanda ilkdir.

OLAY yazır ki, EP albomda ilk sırada  – “Yenə Sevərəm” mahnısı yer alır. Klipi ilə təqdim olunan mahnının ekran işinin müəllifi Royal Cəfərovdur. İkili daha öncə də “Qaradan qara”, “Dönən Deyiləm”, “Olarmı” və “Nə Var, Nə Yox” kliplərində də birgə çalışmışdır.

EP albomun adını daşıyan və ikinci pillədə  – “Sual Var” mahnısı qərarlaşır.  “Bu aralar Bakı məni çox yordu” sözləri ilə incikliyini ifadə edən mahnı cavabsız sualları ilə qarşı tərəfə “Gəl, qoruyaq bu hissləri” mesajını verir.

EP albomu – “Yada Düşdün” mahnısı ilə yekunlaşdıran müğənninin bu ifası dinləyicilərinə əsl payız ab-havalı hissləri yaşadacaq. 

“Sual Var” - sənətçinin bu il təqdim etdiyi ikinci albomudur. Mart ayında “SS production”-la birlikdə, Azərbaycan dilində “ON” adlı ilk studiya albomunu təqdim edən ifaçı “Azərbaycan Apple Music Top Albom 100” çartında 1-ci olmuş və 22 həftə “Azərbaycan Apple Music Top Albom 100” çartında qalmışdır. 

Ümumilikdə bu bəstəkar-müğənni AISEL-in 4-cü EP albomudur.