Xalq artisti Niyaməddin Musayev repertuarından olan “Dünya sənin, dünya mənim” mahnısına ikinci nəfəs verən “Dərviş band” qrupundan danışıb.
OLAY yazır ki, bu barədə sənətçi “Sabaha saxlamayaq” verilişində qonaq olarkən söz açıb.
N. Musayev sözügedən qrupun fəaliyyəti ilə tanış olduğunu və onların bu ifasını olduqca bəyəndiyini dilə gətirib:
“Gənclərə dəstək olmaq hər bir insanın borcudur. Vaxtı ilə biz də o dəstəyə möhtac olmuşuq. Mən o qrupla tanış olmuşam. Hətta müsabiqədən öncə o nəğməni birlikdə ifa etmişik. Bu musiqiçilərin müraciəti, əlbəttə, mənim üçün xoş olur. Ona görə ki, sənət adamları belədir, əgər onun nəğməsinə yanaşıb, qulaq asırlarsa, bütün dünya elə onun olur. Mən çox sevinirəm. Onlar musiqiyə toxunmayıblar, ifa da öz yerindədir, dəyişməyiblər. Elə aranjiman var ki, mahnının bütün keyfiyyətini öldürürlər. Burada isə yaxşıdır, müasirlik də var. Əla oxuyurlar. Tək bu mahnı deyil, başqa nəğmələrə də yanaşmalar var”.
Qeyd edək ki, “Dərviş band” bu ifanı “Səs Azərbaycan: Doğma nəğmələr” müsabiqəsinin final bölümündə qonaq olarkən səsləndirib. Bu çıxışdan sonra qrup sosial şəbəkədə viral olub.