“Barselona”nın futbolçusu Jerard Pikenin Malaqada inşa edilən otelinin tikintisi dayandırılıb.
OLAY yazır ki, buna səbəb ərazidə 250-ə yaxın məzarın aşkarlanması olub. Qazıntılarda iştirak edən arxeoloq Alberto Kumpian İspaniya radiosuna bildirib ki, qəbirlərin istiqaməti Məkkəyə tərəfdir. Buna görə də müsəlman qəbiristanlığı olduğu qənaətinə gəlinib.
Torpağın heç bir arxeoloji dəyərinin olmadığını iddia edən Kumpian qəbiristanlıqdakı insan qalıqlarının tamamilə çıxarılmasından sonra dayandırılan otelin tikintisinin davam edə biləcəyini qeyd edib.
Bölgədəki İslam birlikləri müsəlmanlara aid olan insan qalıqlarının ən qısa zamanda antropoloji analizlərinin aparılmasını və müsəlman qəbiristanlığında basdırılmasını istəyir.