Yenidən səhhətində problem yaranan Xalq artisti Könül Xasıyeva sənət dostlarına müraciət edib.
OLAY yazır ki, əməliyyatı üçün 150 min dollar (254 min manat) lazım olan xanəndə bu barədə instaqramda paylaşım edib.
Xasıyeva sənət yoldaşlarını postuna işarələyərək onlardan kömək istəyib.
“Səhhətimdə yaranan problemlə bağlı imkanlı şəxslərə müraciət edirəm. Zaman əleyhimə işləyir. Heç nəyi gözləmir. Sizdən dəstək olmağınızı xahiş edirəm. İnanıram ki, Azərbaycan muğam səhnəsini Könülsüz, ən əsası 40 yaşımda Allahın bəxş etdiyi Kazımı anasız qoymayacaqsınız. O, körpədir, gələn ayın 17-i 15 yaşı tamam olacaq. Hələ işləmək, pul qazanmaq kimi bir imkanı yoxdur. Mən olmasam, Kazımın da yaşamaq şansı sıfırdır. İllərdir çiyin-çiyinə çalışdığım sənət yoldaşlarımdan xahiş edirəm ki, bu çətin gündə dəstək olsanız, gec olmadan əməliyyata girsəm, sənətimə və Kazıma qovuşaram. Tək arzum Kazımın toyunu görməkdir”.
Qeyd edək ki, sənətçinin boğazında şiş aşkarlanıb.