Fotosessiya
Fotosessiya

“Son bir ildə başına açmadığım faciə qalmadı”

“Son bir ildə başına açmadığım faciə qalmadı”

“İlk azadlıq dirənişlərimdə həyat məni yuvamdan götürüb, lay divarlı gecəqonduya atıb, bu da sənin azadlığın demişdi. Sən onda qorxmadın, ac qalmaqdan, itib-batmaqdan, unudulmaqdan, Ləman, sən elə gözəl idin ki, gecələr ulduzlara mahnı oxuyur, gündüzlər bir üzü ac, bir üzü tox gəzirdin bu küçələri, boyun əymirdin, təslim olmurdun”.

OLAY yazır ki, bu sözləri bu gün 26 yaşına qədəm qoyan Yuğ Dövlət Dram Teatrının aktrisası Ləman Mərrih sosial media hesabında yazıb.

O, İnstaqramda uşaqlıq fotosunu paylaşaraq yaşadıqları ilə bağlı fikirlərini belə ifadə edib:

“Sən elə gözəl idin ki, hətta səndə olmayan şeylərə görə də qısqanılırdın, həsəd aparılırdın. Mən hər dəfə geri addım atmaq istəyəndə, məni sən cəsarətləndirdin, ürəkləndirdin, əlimi tutdun.

Yadında, bir dəfə adını bilmədiyimiz bir mağazanın qabağından keçəndə bir ayaqqabı görüb şüşədən ona həsrətlə baxmışdıq? Dərsə ayaqla gedib avtobus pulumuzu yığırdıq ki onu alaq… Amma mən soyuqda bərk xəstələndim, o pulu elə dərmana verdik… Sən onda da məni qucaqladın, düz yolu ayaqyalın da getmək olurmuş, inandıq. Bu illər ərzində mən sənin gözündə yaş, üzündə kədər görmədim… Amma və lakin bu son bir ildə başına açmadığım faciə, qırmadığım yerin, üzülmədiyin günün olmadı, quzum. Səni yanlış insanlara inandırdım, qolunu- qanadını sındırdım, səni uçmaqdan məhrum etdim. Bu gün sənin ad günün olsun, bəlkə sənə olan borcumu belə ödəyə bildim, bu gün sən yenidən doğul.

Sənə söz verirəm, hər şey yaxşı olacaq, qızım. Sən yenə ulduzlara mahnı oxuyub, əlin cibində məğrur-məğrur gəzəcəksən bu küçələri, üst - başından azadlıq, şənlik, sevinc töküləcək. Sənə isə hədiyyə bir cüt ayaqqabı almışam - ən sevdiklərindən. Düz yolu ayaqyalın da getmək olar, bilirəm amma istəyirəm qaçasan, qaç ki, daha səni bir də heç kim tuta bilməsin. Səni sevirəm, yeni yaşın mübarək!”.

Qeyd edək ki, L.Mərrih “Ögey ana” serialı ilə məşhurlaşıb. O, daha sonra “İmtahan” serialı ilə populyarlıq qazanıb. Bir neçə sezondur “Ata ocağı” layihəsində yer alır.