Dubay polisi ukraynalı model Mariya Kovalçukun “şeyxlərlə əyləndikdən” sonra yol kənarında şikəst halda tapılması ilə bağlı xəbərləri təkzib edib.
OLAY yazır ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, zərərçəkmiş qapalı tikinti sahəsinin damından yıxılaraq ağır xəsarətlər alıb.
Bu barədə BƏƏ polisinin bəyanatına istinadən “Khaleej Times” məlumat yayıb.
Rəsmi məlumata görə, 20 yaşlı qız bəzi KİV-lərin iddia etdiyi kimi martın 19-da yox, martın 12-də, yəni itkin düşdüyü gün tapılıb.
Polis iddia edir ki, Kovalçuk qəzanın baş verdiyi tikinti sahəsinə özbaşına daxil olub:
“Hadisənin martın 12-də baş verdiyini təsdiqləyə bilərik. Hadisə yerində olan şahidlər dərhal təcili yardım çağırıb və zərərçəkmiş dərhal xəstəxanaya aparılıb və o, həkim nəzarətindədir”.
Polis istintaqın hələ də davam etdiyinə də aydınlıq gətirib və insanları yalan məlumat yaymaqdan çəkinməyə çağırıb.
Lakin sosial şəbəkədə heç kim bu versiyaya inanmayıb.
Çoxları hesab edir ki, Dubay rəsmiləri sadəcə olaraq işi susdurmaq və qızın özünü günahkar etmək istəyirlər.
Qeyd edək ki, bir neçə gün əvvəl ukraynalı model Mariya Kovalçuk ağır xəsarətlərlə Dubayda yolun kənarında tapılıb: onun ayaqları, qolları və onurğası sınıb. Anasının və rəfiqəsinin sözlərinə görə, bir gün əvvəl qız naməlum kişiləri görmək üçün otelə tək gedib, bundan sonra o, ünsiyyətini dayandırıb. Sosial şəbəkə əhli Kovalçukun müntəzəm olaraq sosial şəbəkələrdə açıq-saçıq fotoşəkillər və “OnlyFans” platformasına +18 məzmunlu videolar yerləşdirdiyini aşkara çıxarıblar. Bu da onun “Porto Party”yaları adlanan gecə yığıncaqlarına (qızlara on minlərlə dollar ödənildiyi iddia edilən zorakılıq və pozğunluqla müşaiyət olunan VİP partilər) mümkün iştirakı ilə bağlı fərziyyələrə səbəb olur. Hadisə geniş ictimai rezonansa səbəb olub, hüquqşünaslar və Dövlət Dumasının deputatları məsələ ilə bağlı çıxış ediblər.