Rusiyanın Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, yumorist “xarici agent” Maksim Qalkinin qəsrindəki əntiq əşyaların saxta olduğu üzə çıxıb.
OLAY yazır ki, bu haqda hüquqşünas və təcrübəli kolleksiyaçı Aleksandr Dobrovinski teleqram kanalında paylaşdığı videoaçıqlamasında məlumat yayıb.
“Qalkinlərin Rusiyadan çıxarmağa çalışdıqları “şedevrlər” haqqında eşitmək gülməlidir. Bəzi KİV-lər hətta dolanmağa heç bir şeyləri olmadığı üçün onları satmaq istədiklərini yazır. Təcrübəli kolleksiyaçı kimi vəziyyəti aydınlaşdırmaq üçün bir telekanal mənə müraciət etdi. Bəzi rəsmlərin fotolarını göndərdilər... Məlum oldu ki, əsl şedevrlər başqa adamların əlindədir və mənə göndərilən “şedevrlər” Rusiyadan uğursuz şəkildə çıxarmağa çalışdıqları kimi, yalnız nüsxələrdir ”, - deyə Dobrovinski vurğulayıb.
Qeyd edək ki, A. Puqaçova ilə M. Qalkinin təxminən 20 milyon dollar dəyərində olan əntiq əşyaları, o cümlədən 16-19-cu əsrlərə aid sənət əsərlərini ölkədən çıxarmağa çalışdığı açıqlanmışdı.