Fotosessiya
Fotosessiya

Stresin dəriyə mənfi təsirləri

Stresin dəriyə mənfi təsirləri

Gündəlik həyatın, işin və xüsusilə son zamanlar yaşadığımız stresli günlərin təsiri həm zehni, həm də fiziki olaraq özünü göstərir.

Stresin təsiri ilk növbədə dəridə hiss olunur. Bəs dəri üzərində necə əks olunur? 

OLAY stresin dəridə yaratdığı zərərləri təqdim edir:

Dərinin sürətli qocalması

İlk növbədə stres baxışınızda əks olunur ki, bu da sizi daha kədərli, bədbəxt və yaşlı göstərir. Stresdən qaynaqlanan yuxu problemləri ilə dəriniz daha yorğun və qeyri-sağlam görünür. Bu da göz altında qara dairələr və şişlik yarada bilir. Əlavə olaraq bildirək ki, stresli dövrlərdə dərinizin pisləşməsinə səbəb olan spirt, siqaret və kofein qəbuluna da diqqət yetirmək faydalıdır.

Həmişəkindən daha çox quruluq

Stres bədəndə hormonal dalğalanmalara səbəb olur, bu da bədənin su itkisinə gətirir. Həmin dövrlərdə kifayət qədər su içməsəniz, dərinizin quruluğu artacaq. Hormonal dəyişikliyə görə dəridə hialuron turşusunun sintezi də azalır və bu quruluğu artıran başqa bir səbəbdir. Digər tərəfdən dəridə quruluq dəri baryerində pozulmalara səbəb olur. Aşınma başlayır və hətta ekzema əmələ gəlməsi artır. Buna görə də dəri baryerinizi gücləndirmək üçün uyğun nəmləndirici istifadə etməlisiniz.

Müxtəlif dəri xəstəlikləri

Bədəniniz stres altında olduqda, daha çox kortizol (orqanizmin stressə reaksiyasını tənzimləyən hormone – red.) və adrenalin ifraz edir. Stresli dövrlərdə bir çox dəri xəstəlikləri yarana bilər. Xüsusilə bu cür xəstəliklərdə düzgün müalicə üçün mütəxəssisə müraciət etmək faydalıdır.

Yağlı dəri

Stresli dövrlərdə dəridəki kortizol hormonunun artdığını bildirdik. Kortizolla yanaşı, piy vəzilərindən daha çox piy sintez olunur. Beləliklə, dəri daha yağlı olur, məsamələr tıxanır və buna uyğun olaraq sızanaqların əmələ gəlməsi də artır. Bu daha çox yağlı dəri tipi olan insanlarda olur. Xüsusilə bu dərilərdə yaralar yavaş sağalır, çünki su itkisi hüceyrə regenerasiyasını ləngidir və toksinləri çıxarmaq mümkün olmadıqda dəri yavaş-yavaş özünü bərpa edir. Sızanaqlar daha çox iz buraxa bilər.

Dırnaqları zədələyir

Stres həm də dırnaqlara mənfi təsir göstərir. Daha yavaş uzanmağa başlayır, dırnaq səthində cizgilər, qırılmalar və qabıqlar görünə bilir.

Saç tökülməsi

Güclü stres saçlara da öz mənfi təsirini göstərir. Xüsusilə saç dibində yağlılıq və quruluq şikayətləri ola bilər. Nəticədə isə saçların incəlməsi və tökülməsinə gətirib çıxarır.