Aktyor Azər Baxşəliyev Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbələrdən birini tanıdığını söyləyib.
OLAY yazır ki, bu barədə o, “Səhər mərkəzi” verilişində danışıb. Azər deyib ki, tələbələrdən biri - Şahin Verdiyevlə təyyarədə tanış olublar:
“Son günlər baş verənlərə ürəkağrısı ilə baxırıq. Kədərli bir xəbər də eşitdim ki, bizim soydaşlarımız, tələbələr dağıntılar altındadır. Onlardan biri- Şahin Verdiyevlə keçən ilin avqustunda Türkiyədən qayıdanda yol yoldaşı idik, təyyarədə tanış olduq. Yanında bir xanım tələbə də var idi. Necəsə söhbətimiz səmimi alındı, dedi, tələbəyik, Türkiyədə təhsil alırıq.
Eşitdim ki ondan bir xəbər yoxdur. Mənə pis təsir göstərdi. Şahinlə bir-birimizə nömrələrimizi vermişdik. Bir-iki dəfə əlaqə saxlamışdım. Gəncədəki həyatından, Türkiyədəki yaşayışından danışırdı. Gözəl yumor hissi var idi. Bizim filmlərə baxdığını deyirdi. Söyləyirdi ki, orada tələbələr Azərbaycan üçün necə darıxır. Çox ümid edirəm ki, ən yaxın zamanda ondan da, soydaşlarımızdan da, türk vətəndaşlarından da xoş xəbərlər eşidərik ki, evlərinə qovuşublar. Şahinlə söhbət edəndə onun həyat eşqini və Malatyadakı təhsilini bitirib ölkəmizə necə qayıtmaq istədiyini hiss edirdim. Ümid edirəm ki, xoş xəbəri gələcək, özü yazacaq ki, bu verilişi izləyib və sağ-salamat vətənə qayıdır”.