“Çox yaxın idik. Biz övladlarımızdan sonra daha mehriban olduq, hər gün görüşürdük. Planlar qururduq ki, uşaqlarımızı hara aparaq. Oğlumla Tünzalə sanki dost idi. Ona dedim ki, Tünzalə xala rəhmətə getdi, çox pis oldu. Söyləyir ki, axı dostum idi. Dedim ki, indi Zəhra (mərhumun qızı - red) sənə dost olar”.
Bu sözləri OLAY-a açıqlamasında mərhum Əməkdar artist Tünzalə Əliyevanın rəfiqəsi, aktrisa Xuraman Əlizadə deyib. O bildirib ki, həmkarı ilə qısa müddət öncə ünsiyyətdə olub:
“Haradasa bir 3-4 gün əvvəl danışmışdıq. Dedim ki, necəsən, söylədi ki, istəmirəm əhvalını korlayım, yaxşı olum gözəl xəbərlərlə yazacam. Mən ona demirdim ki, mədəkiçiltmə əməliyyatı olunmayaydın. Ona demirdim, amma ürəyimdə söyləyirdim, çünki bu onun seçimi idi. Onsuz da sən hər halınla sevilirdin, xəstəliyə də tutulanda sevilirdin. Hamımızın xatirəsində “toppuş” kimi qalacaqsan. Son ana qədər mübarizəsini davam etdirdi. Mənim özümdə bir az panika var, deyirdi, güclü ol. O çox güclü idi. Ancaq Zəhra ilə bağlı vəsiyyəti var idi. Deyirdi, onun toyunu görsün.
Mən həmişə söyləyirdim ki, Əli də, Zəhra da böyüyəcək. Nə bilmək olar, bəlkə qismətləri bir yerdə yazılıb. Taleh belə gətirdi. O, hələ də yanımdadır. Xəbəri eşidəndə şok keçirdim, çünki düşünürdüm ki, sağalacaq. Mübariz idi, ona görə inanırdım. Həmin gün dedim, Tünzaləyə yazım, axı demişdi ki, şad xəbər verəcəm. Nəsə içimdən bir istilik keçdi. Onu düşünürdüm, elə zəng gəldi ki, rəhmətə gedib”.