Müğənni Çingiz Mustafayev 15 illik hesabat konsertini verib.
OLAY yazır ki, Elektra Event Hallda çıxış edən populyar sənətçi səhnə almadan əvvəl jurnalistlərin suallarını cavablandırıb. Çingiz deyib ki, yeni layihələr və mahnılar üzərində çalışır:
“Yeni mahnılarım, bəstələrim, sufizimlə, sevgi və bizi yaradanla bağlı əsərlər olacaq. Yavaş-yavaş əvvəlki tərzimdən uzaqlaşacam. Zatən ispan stilindən çoxdan uzaqlaşmışam. Mən nə qədər daha dərin musiqi ilə məşğul olmaq istəsəm də, kommersiya mahnılarımı sevən dinləyicilər də var. Ona görə belə bir konsert vermək qərarına gəldim. Onlar da sevinsinlər. Mənim üçün hesabat anlayışı yoxdur. Bu dostlarımın ideyasıdır, belə bir ad qoydular, sadəcə öz mahnılarımı səsləndirəcəm, sadə bir konsert olacaq”.
İfaçı həmçinin İndoneziyadan sonra bir müddət Hindistanda yaşayacağını vurğulayıb:
“Bakıdan gedəndə deməmişdim ki, qayıtmayacam. Həmişəlik getməmişdim, ümumiyyətlə hər bir insanın özünü daha yaxşı tanıması üçün yenilənməyi, uzaqlaşmağı lazımdır. Bir sözlə özünü tapmaq üçün özünü itirmək gərəkdir. Mən də bu yolu seçmişəm, vacib olan özümə, ruhuma yaxın olmaqdır. Qalan şeylər, istər musiqi, istərsə də, sənət ikinci plandadır. Mən başa düşmürəm ki, insan necə özünə bu sualı verməz ki, həyata nə üçün gəlmişəm? Necə faydalı ola bilərəm. Getdiyim yol çox normaldır. Hamımız bu həyatda qonağıq, ən azı bunu dərk etmək lazımdır. Hər birimizin həyatında müəyyən hadisələr baş verir, nə dərəcədə görüb, müşahidə edirik, önəmli olan budur”.
Mustafayev həm də sənət aləmində birliyin olmamasından söz açıb:
“İnsan beyni həmişə ona mane olur. Bu neqativ düşüncə deyil, real həyatdır. Mən 15 il ərzində bu sahədə birlik görmədim. Halbuki incəsənət gözəldir, romantikdir. Lakin kər kəs öz canı ilə əlləşir”.
Çingiz deyib ki, bu il “Avroviziya” ilə bağlı bir planı olmasa da, ölkəmizi yenidən təmsil etmək istəyər:
“Avroviziya ilə bağlı plan yoxdur. Amma hər şey ola bilər. Yenidən təmsil etmək də olar. O ki, qaldı Nadir Rüstəmli ilə birgə iştiraka... Yaxşı mahnı və səhnə olsa, ola bilər. O da istedadlı gəncdir, zəhmətkeş insandır”.