İsa Məlikov “Avroviziya” nümayəndə heyəti rəhbəri vəzifəsindən gedib.
OLAY yazır ki, İ. Məlikov özü sosial şəbəkə hesabında bu sözləri qeyd edib:
“Dostlar, nəzərinizə çatdırmaq istəyirəm ki, bu gündən etibarən “Avroviziya” müsabiqəsinin Azərbaycan deleqasiyasına rəhbərlik etmirəm. Bu layihə ilə bağlı mənim 2009-cu ildən başlayaraq yalnız ən xoş təəsüratlarım və xatirələrim var, amma artıq irəliyə doğru getməyin vaxtıdır. Artıq bir neçə il üzərində işlədiyim layihələrin reallaşmasına vaxt ayıracam.
Gələn il, nəhayət ki, ilk müəllif konsertimi reallaşdırmağı planlaşdırıram. Yeni ildən dərhal sonra onun hazırlıqlarına başlayacam. Eyni zamanda, daha bir layihənin startı gözlənilir, amma bu hələ ki, sirrdir. İTV telekanalı və xüsusi ilə də kanalın rəhbərliyi ilə münasibətlərimiz möhtəşəm formalaşıb. İrəlidə bir çox planımız var və 2023-də xeyli maraqlı istiqamətlərdə çalışacağıq. Azərbaycanın gənc komandasının hər bir üzvünə onların əzmkarlığına və fədakarlığına, daha çox və daha yaxşı iş görmək istəklərinə görə təşəkkür edirəm.
“Avroviziya” müsabiqəsində Azərbaycanı təmsil edən, birlikdə işlədiyim hər kəsə minnətdaram. Bu, mənə unudulmaz təcrübə və emosiyalar qazandırdı. Hər birinizin bu layihədə qoyduğunuz dəyərli izi, özünüzün dəyərli parçası var. Amma, xüsusi ilə mənim ən sevdiyim təmsilçini, bizim “Junior Eurovision” rekordsmeni Sona Əzizovanı vurğulamaq istəyirəm. Əminəm ki, onun əsas uğuru hələ də qabaqdadır. Deleqasiyanın yeni rəhbərinə və Avroviziya komandamıza parlaq artistlər, xit mahnılar, saysız-hesabsız “12 points” və yeni zirvələrin fəthini arzulayıram! May ayında sizə azarkeşlik edəcəyik! Ən xoş və təmiz arzularla!”.