Ötən gün “Altın Kelebek”də Azərbaycandan “Parıldayan ulduz” mükafatını alan aktrisa-aparıcı Turanə Hüseynlinin çıxışı xüsusilə diqqət çəkib.
OLAY yazır ki, Xalq artisti Röya Ayxandan mükafatını alan Hüseynli bu sözləri bildirib:
“Zalda az adam qalsa da, bu səhnədə olmaq çox gözəldir. Bir çıxış hazırlamışdım, unutdum. Bizim sevilən Röyamızdan bu ödülü almaq xüsusilə də özəldir. Çıxışım uzun olacaq, bilirəm sona doğrudur, hamı yorğundur, amma bu, mənim ilk mükafatımdır. Məni yetişdirib, bu gün burada olmağıma səbəb olan insanlara – anama və atama təşəkkür edirəm. Seçdiyim peşə ilə qürur duymasalar da, mənimlə fəxr edirlər. Ailəmə, dostlarıma, bacıma-qardaşıma çox təşəkkür edirəm.
Altı il əvvəl bu zalda arxada əyləşmişdim, demişdim ki, görəsən orada olmaq və mükafat almaq necə bir hissdir. İnsan nə etməlidir ki, belə bir ödülə layiq görülsün. Nəhayət illər ötdü və mən öz suallarıma cavab tapdım. Burada Azərbaycan qadınlarına mesaj vermək istəyirəm. Şərqdə qadın olmaq çox çətindir, bir çox basqılarla üzləşirik. İstərdim ki, onlar öz güclərinə güvənsinlər. Bəzən çətin olur, arzuların arxasınca getmək, bəzən alınmır, maneələrlə rastlaşırsan. İstərdim ki, qadınlar maneələrə baxmasınlar, arzularının arxasınca getsinlər. Bəlkə bu bir, ya da iki il çəkə bilər. Bir gün reallaşacaq. Mən bu ödülü güclü və gücünə güvənən Azərbaycan qadınlarının adına almaq istəyirəm”.