“Təbii ki, son zamanlar müşahidə etdiyimiz hadisələr səbəbsiz deyil... Aqressiv yanaşma sonda cinayətlərlə nəticələnir. Xüsusilə gənclər, yeniyetmələr arasında. Bəs aqressiya haradan yaranır? Körpənin doğulduğu ailə, artiq kiçik bir cəmiyyətdi. Mənə görə, səbəblərdən biri elə o kiçik cəmiyyətdə ünsiyyətin azalması və ya tamamilə itməsindən irəli gəlir. İnsanla danışmaq , ünsiyyət qurmaq lazımdı”.
OLAY yazır ki, bu sözləri instaqramda aparıcı Samirə Mustafayeva qeyd edib. O, yeniyetmələr arasındakı münaqişənin ölümlə nəticələnməsindən söz açıb:
“Analarımız ana bətnində olarkən bizimlə danışıb, ünsiyyətlə böyümüşük, pisi, yaxşını yuxuya gedərkən, lay-ladan öncə eşitdiyimiz nağıllarda ayırd etmişik. Bu gün necə? Planşetdən izlədiyi görüntülərlə yemək yeyib, yuxuya gedən, nəticə etibarilə izlədiyini, gördüyünü bölüşmədən, sözə, kəlməyə çevirmədən özünə qapanan, iç dünyasını bilmədiyimiz körpələr böyüdürük.
Hansısa xoşagəlməz halında isə çıxış yolu: Qadağa...Qadağanın səbəbi, nəticəsi açıqlanmasa, nəinki körpəyə böyüyə də qadağa yox, təbliğat effekti ötürür. Ötən gün Əlisa Nicatın müsahibələrindən birində jurnalistin “Avtobusla gedib-gəlirsiz, heç sizi tanıyan olub” sualına “Xeyr, xalq məni tanımır” cavabını, elə həmin gün sosial şəbəkədə qarşıma çıxan yazıçı ilə bağlı paylaşımın şərh hissəsində bir gəncin “Bu kimdiki” sualına digərinin, “Xəbəri oxu da” rəyinə “Hövsələm yoxdu, sən Allah, yaz görüm kimdi ki,bir gecəyə 7 min pul yığılıb” cavabı ilə müqayisə elədim. Əlisa Nicatın kimliyi və ya fəaliyyəti haqqında nəsə yazmaq fikrində deyiləm, yaradıcılığını əzbər bilirəm mənasına da gəlməsin. Ümid edirəm, haqqında oxumağa planşetimiz də, hövsələmiz də tapılacaq. Cəmiyyətdə hər kəsin ali savadlı olması mümkün deyil. Amma ibtidai məktəb təhsili, mütaliə ilə bizi böyüdən nənələrimizi, babalarımızı,valideynlərimizi xatırlayaq. Danışın, körpənizlə sadəcə danışın”.