Aktyor Hikmət Rəhimovun “Çılpaq” filmi “Bakı short film” festivalından çıxarılıb.
OLAY yazır ki, bu barədə Hikmət özü sosial şəbəkə hesabında məlumat paylaşıb.
O deyib ki, ekran işinin təqdimatının 11 noyabrda baş tutması planlaşdırılsa da, buna mane olunub:
“Əziz dostlar və media əhli, noyabr ayının 11-i Nizami Kino Mərkəzində “Baku short film” festivalının açılışında ssenaristi və rejissoru olduğum “Çılpaq” filminin nümayişi olunacaqdı. Amma bu dəqiqə aldığım məlumata görə festival rəhbərliyi filmi nümayiş etdirməyə ehtiyat edir. Ona görə özüm öz istəyim ilə filmin nümayişınə razı olmadım. Bəzi dostlara və tanışlara sözlə məlumat vermişdim, amma rəsmi paylaşım etmirdim. Çünki enerjilərindən hiss etmişdim ki, bu, baş tutmayacaq, belə də etdilər. Səbəb kimi isə bu gün yazdığım statusu əsas gətirdilər. Ümid edirəm “Çılpaq” filmini başqa zamanda və başqa məkanda təqdim edəcəm. “Bakı short film” festivalının heyətinə demək istəyirəm, siz nədən və kimlərdən qorxursunuz, hansı gününüzə? Unutmayın ki, qorxub və çəkindiyiniz adamların üzərində zaman gələcək başqa adamlar və başqa varlıqlar gəzəcək. Elə sizlərin də”.
Qeyd edək ki, Hikmət dünən rol aldığı “Həyat deyəsən gözəldir” (Fəryad 2) filminin “Qorqud ata” tammetrajlı bədii və sənədli filmlər festivalında bu gün keçiriləcək olan beynəlxalq premyerasına dəvət olunmaması ilə bağlı status yazıb. O, Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovun fotosunu paylaşaraq onun ünvanına sərt sözlər qeyd edib.