Aktyor Sənan Əlləz rol aldığı “Şeyx Sənan” serialında yaşadığı çətinliklərdən danışıb.
OLAY yazır ki, o, tərəf müqabili Tural Əhmədlə 4 saat çayda qaldığını vurğulayıb:
“Turalla 4 saat palçıqlı və soyuq dağ çayında döyüş səhnəsinə çəkilmişik. “Şeyx Sənan” çoxseriyalı bədii filmində bu səhnənin öz xüsusi yeri olacaq”.
Qeyd edək ki, Hüseyn Cavidin “Şeyx Sənan” əsəri əsasında səhnələşdirilən 12 serialıq ekran işinin rejissorları Elçin Elxanlı və Xayyam Abdullazadə, prodüseri Elməddin Əliyev, quruluşçu operator isə Elman Əliyevdir.
Dram müsəlman şeyxi Sənan və xristian gürcü qızı Xumar (Tamar) arasındakı sevgidən bəhs edir. Şeyx Sәnan böyük şəxsiyyət kimi sayılır, seçilir, müəyyən bir kütləyə rəhbərlik edərək Kəbəyə yola düşür, məqsəd İslamı ayaqda saxlamaqdır. Eyni zamanda qadından qorxan Sənan hər bir şərin səbəbini qadında görür. Səbəb isə qadın qarşısında acizliyidir.
Sonra o, Tiflisdə yuxusunda gördüyü gürcü qızı Xumara rast gəlir. Məhz Xumara görə dinindən, əqidəsindən, məqsədindən, yoldaşlarından üz döndərir. Xumar isə Sənana görə ölüm ayağında anasına verdiyi andı pozur. O, söz vermişdi ki, ərə getməyəcək, monastıra yerləşəcək. Filmdə əsas hadisələr bundan sonra cərayan edir...
Layihə bu gün İTV-də yayımlanacaq.