OpenAI CEO-su Sem Altman şirkətin aylıq 200 dollar dəyərində olan ChatGPT Pro planı ilə gözləniləndən daha çox istifadə səbəbindən hazırda zərər etdiyini açıqlayıb.
OLAY tech.az-a istinadən yazır ki, “Qiyməti şəxsən mən təyin etdim və bununla bir qədər gəlir əldə edəcəyimizi düşünürdüm,” - Altman X platformasında paylaşdığı postlarda bildirib.
Keçən ilin sonlarında istifadəyə verilmiş ChatGPT Pro planı, OpenAI-ın o1 “məntiq” modeli, o1 pro rejimi və digər alətlərin, o cümlədən Sora video generatorunun, sürət limitlərini aradan qaldıraraq təkmilləşdirilmiş versiyasına çıxış təmin edir.
Buna baxmayaraq, OpenAI hələ də gəlir əldə etmir. Şirkət təsis edildiyi gündən indiyədək təxminən 20 milyard dollar vəsait toplamasına baxmayaraq, ötən il 3.7 milyard dollarlıq gəlirə qarşı təxminən 5 milyard dollar zərər gözləyirdi.
Zərərin əsas səbəbləri arasında işçi heyəti maaşları, ofis kirayəsi və süni intellektin öyrədilməsi üçün infrastruktur xərcləri yer alır. Məlumata görə, bir vaxtlar ChatGPT-nin OpenAI-ya gündə təxminən 700,000 dollara başa gəldiyi bildirilirdi.
Son zamanlar OpenAI, yeni investisiyalar cəlb etmək məqsədilə korporativ yenidənqurma planlarını həyata keçirməyə hazırlaşdığını və gözlədiyindən daha çox kapitala ehtiyacı olduğunu etiraf edib. Şirkət gəlir əldə etmək üçün müxtəlif abunə planlarının qiymətini artırmağı nəzərdən keçirir.
OpenAI 2029-cu ilə qədər illik gəlirini 100 milyard dollara çatdırmağı və bu rəqəmlə hazırda Nestlé-nin illik satışlarına bərabər səviyyəyə çatmağı hədəfləyir.