Digital
Digital

Durov başına gələn hadisələri ilk dəfə şərh etdi

Durov başına gələn hadisələri ilk dəfə şərh etdi

Avqustun 24-də Pavel Durov Paris hava limanında saxlanılıb, bundan sonra o, Fransa xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən dörd gün dindirilib. İş adamı bütün bu müddət ərzində susub və bu gün ilk dəfə olaraq başına gələn hadisələri şərh edib.

OLAY yazır ki, “Telegram”ın yaradıcısı çətin dövrdə ona dəstək olan hər kəsə minnətdarlığını bildirib. 

Durovun sözlərinə görə, həbs onun üçün tamamilə sürpriz olub:

“Birincisi, “Telegram”ın Avropa İttifaqında sözügedən qurumun sorğularını qəbul edən və cavablandıran rəsmi nümayəndəsi var. İkincisi, Fransa hakimiyyətinin mənimlə əlaqə saxlamaq və kömək istəmək üçün bir çox yolu var idi. Mən Fransa vətəndaşı olaraq Dubaydakı Fransa Konsulluğuna tez-tez baş çəkirəm. Üçüncüsü, əgər ölkə internet xidmətindən narazıdırsa, qurulmuş təcrübə xidmətin özünə qarşı hüquqi fəaliyyətə başlamaqdır”.

Pavel qeyd edib ki, məxfilik və təhlükəsizlik arasında balansa nail olmaq asan məsələ deyil. Eyni zamanda, o, Fransa və digər ölkələrin hakimiyyət orqanları ilə dialoqa açıq olduğunu vurğulayıb:

“Məxfilik qanunları hüquq-mühafizə orqanlarının tələbləri ilə, yerli qanunlar isə “Aİ” qanunları ilə uzlaşdırılmalıdır. Texnoloji məhdudiyyətlər nəzərə alınmalıdır. Bir platforma olaraq, proseslərinizin bütün dünyada ardıcıl olmasını və qanunun aliliyi zəif olan ölkələrdə sui-istifadə edilməməsini istəyirsiniz. Biz düzgün balansı tapmaq üçün tənzimləyicilərlə işləməyə sadiqik. Bəli, biz öz prinsiplərimizə sadiqik: təcrübəmiz avtoritar rejimlərdə istifadəçilərimizi qorumaq missiyamıza əsaslanır. Amma biz həmişə dialoqa açıq olmuşuq”.

Durov əmin edib ki, birinci yerdə qazanc yox, insan hüquqlarının qorunması dayanır. Hakimiyyətlə razılığa gəlmək mümkün olmasa, “Telegram” bu ölkədə işləməkdən imtina etməyə hazırdır. Şirkət artıq belə təcrübəyə malikdir.

“Biz bunu dəfələrlə etmişik. Rusiya bizdən nəzarəti təmin etmək üçün “şifrələmə açarlarını” təhvil verməmizi tələb etdikdə biz bundan imtina etdik və “Telegram” Rusiyada qadağan edildi. İran bizdən dinc nümayişçilərin kanallarını bağlamağı tələb edəndə biz bundan imtina etdik”, - deyə sahibkar vurğulayıb. 

Xatırladaq ki, şənbə günü, avqustun 24-də 39 yaşlı Pavel Durov Fransanın paytaxtında saxlanılaraq həbs edilib. Təkcə uşaq pornoqrafiyasını yaymaq və narkotik ticarəti ittihamı ilə onu 10 ilə qədər həbs və 500 min avro cərimə gözləyir.