69 yaşlı Donatella Versaçe 1997-ci ildə qardaşı, moda evinin yaradıcısı Canni Versaçenin ölümündən sonra tutduğu “Versace” markasının kreativ direktoru vəzifəsini tərk edir.
OLAY “Business of Fashion” nəşrinə istinadən yazır ki, Dario Vitale moda evinin 47 illik fəaliyyətində ilk dəfə olaraq “Versace”nin yeni kreativ direktoru təyin edilib.
Bundan əvvəl o, “Prada”nın bir qolu sayılan “Miu Miu”da dizayn direktoru vəzifəsində çalışıb.
Donatella ayrıldıqdan sonra brendin əsas səfiri olacaq.
Qeyd edək ki, “Versace” moda evi 1978-ci ildə dizayner Canni Versaçe tərəfindən yaradılıb və kiçik bacısı Donatella onun sağ əli olub. 15 iyul 1997-ci ildə qatil Endryu Kunanan Versaçeni Mayamidəki malikanəsinin pilləkənlərində güllələyib öldürüb. Ölümü zamanı dizaynerin 50 yaşı var idi və brend bütün dünyada tanınırdı. O vaxtdan bəri moda evinə 2018-ci ildə bütün səhmlərini Amerikanın “Michael Kors Holdings Ltd” şirkətinə 1,83 milyard avroya satan Donatella rəhbərlik edir.
“Versace” ən məşhur lüks brendlərdən biridir və onun yaradıcısının karyerası və qətli “American Crime Story: The Assassination of Gianni Versace” teleserialının ikinci mövsümünün əsasını təşkil edib. Bu yaxınlarda Donatella fevral ayında Milanda Moda Həftəsində onun rəhbərliyi altında son kolleksiyasını təqdim edib.