Media
Media

Qafqazın ən böyük tikinti bazarı açıldı

Qafqazın ən böyük tikinti bazarı açıldı

Bu gün Azərbaycanda Qafqazın ən böyük tikinti materialları bazarı - Abşeron Tikinti Materialları Mərkəzinin açılışı olub.  

OLAY yazır ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 255 hektarlıq ərazidə yaradılmış mərkəz 1000-dən çox mağazanı əhatə edir. 

Bu nəhəng mərkəzin açılmasında məqsəd ölkədə və regionda inşaat sahəsində insanların ehtiyaclarını qarşılayacaq sənayeləşmiş zonanın yaradılmasıdır. Yeni açılışı olan mərkəzdə tikinti materiallarının satışı ilə yanaşı inşaat sektorunda lazım olan istehsalat bölmələrinin də yaradılması nəzərdə tutulur. 

Mərkəzdə təmsil olunan 200 şirkət nümayəndəsinin iştirakı ilə açılış lenti kəsilib. Abşeron Tikinti Materialları Mərkəzinin direktoru Anar Bədəlov yaxın bir neçə il ərzində burada sənaye məhəlləsinin yaradılacağını deyib:

“Abşeron Tikinti Materialları Mərkəzininin bünövrəsi 2020-ci ildə qoyulub. O vaxt bütün bu ərazilər qamışlıq idi. Artıq bizim layihəmiz gerçəkləşib. Biz hazırda 55 hektarın açılışını edirik. 2-3 ildən sonra - 2 və 3-cü fazalar da bitəndən sonra burada sənaye məhəlləsi olacaq. Mərkəz ümumilikdə mindən çox mağazalardan ibarətdir. Bizim əsas məqsədimiz odur ki, Bakının mərkəzi hissələrindən, tıxac olan yerlərdən tikinti inşaat bazarlarını bura dəvət edək. Çünki burada logistika da uyğundur. Cənuba, qərbə, şimala gedən yollarımız var. Biz sahibkarlara tam təmirli, optik internetli, istilik sistemli, sanitar qovşaqlı obyektlər veririk”.

Açılış tədbirində çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da bu bazarın açılışını çox yüksək qiymətləndirib. O qeyd edib ki, dövlət başçısı həmişə iş adamlarıma dəstək olub. Belə bir mərkəzin açılışı da həmin qayğının nəticəsidir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov mərkəzin tezliklə canlanacağını dilə gətirib:

“Dövlətimiz həmişə sahibkarların yanındadır. Onlar müxtəlif sahələrdə dəstək verilir.  Bu gün gözəl bir mərkəz açılır. İnanıram ki bir neçə aydan sonra bu mərkəzin canlanmasının şahidi olacağıq”. 

Tədbirdə qeyd olunub ki, mərkəzdə müştərilərin rahat alış-veriş etməsi üçün xidmət sektoru da fəaliyyət göstərəcək. Layihədə həmçinin, bank, gömrük xidməti kimi inzibati idarələrin və gələn qonaqların rahatlığını təmin etmək üçün hotel, avtodayanacaq, kafe-restoran, market tipli obyektlərin inşası planlaşdırılıb.Mərkəzin bazar hissəsinin inşası 3 hissədən ibarətdir. I hissə və ümumilikdə 55 ha sahənin inşası artıq tamamlanıb. Bura “Elit”, “Prestij”, “Qarışıq” sırası və “Açıq” ərazisindən ibarətdir.  “Elit” cərgə 21 korpus daxil olmaqla 420 mağazadan ibarətdir. “Prestij” sırasına 124, “Qarışıq” sırasında isə 233 mağaza yerləşir. “Açıq” əraziyə gəldikdə isə burada 658 satış nöqtəsinin fəaliyyəti nəzərdə tutulub. Bu sırada ölkənin iri taxta, alçıpan, metal, mərmər idxalçıları və istehsalçıları fəaliyyət göstərir. 

Abşeron Tikinti Materialları Mərkəzindəki mağazaların sahəsi 42 kv metrdən başlayaraq 400 kv metrədək dəyişir. Bundan başqa müxtəlif cür malları saxlama qabiliyyətinə malik böyük həcmli anbarlar müştərilərin xidmətinə verilir. Mərkəzin əsas özəlliklərindən biri isə bazarda yerləşəcək şirkətlərin ilk 6 ay icarə haqqından azad olunmasıdır. Həmçinin, müştərilərə təklif olunan icarə qiymətləri isə bugünkü bazar qiymətlərinə görə daha ucuzdur. 

Bazarda məhsulların saxlanması üçün xüsusi anbarlar mövcuddur.  Anbarlar kimyəvi (azot, gübrə, boya və s.) tibbi və normal tipli bölmələrdən ibarətdir. Burada anbarların sahəsi minimum 200 kv metrdən başlayır və 800 kv metrədək dəyişir.  Mərkəzin anbar bölməsinin ümumi sahəsi 60000 kv metrdir. Mərkəzinin Qaradağ bölgəsində yerləşməsi onu logistika baxımından da üstünlüyünü göstərir. Bazarın yerləşdiyi mövqe baxımından cənub istiqamətindəki ətraf rayonlara bundan əlavə, şimal, qərb və şimal-qərb istiqamətində hərəkət edən yük avtomobilləri üçün rahat giriş-çıxışın olması, Bakı Baş Gömrük İdarəsi, İpək Yolu gömrük terminalı, Abşeron Logistika gömrük xidməti və Abşeron Dəmiryolu Stansiyasına yaxınlığı müştərilərimizin mallarını rahat, təhlükəsiz və sürətli daşınmasına şərait yaradacaq. 

Qeyd edək ki, Abşeron Tikinti Materialları Mərkəzinin unikallığı həm də onun logistika imkanları ilə bağlıdır. Belə ki, alınan yükün çatdırılması, boşaldılması, daşınma təhükəsizliyinin qorunması kimi mütləq amillər bu mərkəz üçün prioritetdir. Burada tikinti məhsullarının mərkəzdən birbaşa istənilən ünvana çatdırılmasını təmin edən geniş şəbəkəli, böyük işçi qüvvəsinə malik ödənişli olmaq şərtilə mərkəzin ayrıca logistika xidmətini istifadəyə veriləcək. Abşeron Tikinti Materialları Mərkəzində qeyd olunan xidmətləri həyata keçirmək üçün müasir standartlara cavab verən şərait yaradılır.

Ünvan: Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57

https://www.facebook.com/absherontmmaz

E-mail: [email protected]

Tel.: (012) 525 90 90 

Mob.: (050) 241 67 67

*6767