Pavel Durov ilk dəfə Paris məhkəməsində sahibi olduğu “Telegram” mesajlaşla platformasının moderasiya işi üzrə dindirilib.
OLAY yazır ki, bu barədə “20 Minutes” nəşri məlumat yayıb.
Bildirilib ki, sahibkar ətraflı şərh verməkdən imtina edib. Fasilə zamanı Durov, yalnız “Fransa ədalətinə inanıram” sözlərini dilə gətirib.
Dindirmə dekabrın 6-da baş tutub. Paveli məhkəmədə vəkilləri David-Olivier Kaminski və Kristof İnqrena müşayiət edib.
Kaminski deyib ki, prokurorluğun Durovun “Telegram” vasitəsilə törədilən cinayətlərdə əli olması ilə bağlı mövqeyi absurddur.
Həmçinin istintaqa yaxın mənbə bildirib ki, “Telegram”a qarşı məhkəmə prosesi Fransa və digər ölkələrdə messencerin işinə müsbət təsir edib. Xüsusilə “Telegram” hüquqi müraciətlərə daha aktiv reaksiya verməyə başlayıb.
Xatırladaq ki, Durov avqustun 24-də “Le Burje” hava limanında saxlanılıb. Bir neçə gün sonra o, qeyri-qanuni əməliyyatlar üçün onlayn platforma işlətmək, hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etmək və mütəşəkkil qrupun tərkibində cinayətləri gizlətmək də daxil olmaqla bir neçə ittihamla ittiham olunub. Milyarder 5 milyon girov müqabilində Fransadan çıxmasına qadağa qoyularaq sərbəst buraxılıb.