“Telegram”ın yaradıcısı və sahibi Pavel Durov fransız müstəntiqlərinə qazancını açıqlayıb.
OLAY yazır ki, bununla bağlı “Le Monde” nəşri məqalə dərc edib.
Pavel bildirib ki, o ildə 1 dirhəm (0,46 qəpik) qazanır
Durovun illik qazancı ilə bağlı açıqlaması müstəntiqlər arasında çaşqınlıq yaradıb. Dirhəm Durovun son illərdə yaşadığı BƏƏ-nin pul vahididir.
Nəşrin məlumatına görə, Durov barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında Paris prokurorluğu “Telegram”ın təsisçisinə 20 milyon avro məbləğində girov qoyulmasını istəyib. Lakin sonda hakim girov məbləğini beş milyona endirib.
“Le Monde” qeyd edir ki, depozit məbləği çox az görünür - xüsusən 2023-cü ildə Durovun Dubayda keçirilən xeyriyyə hərracında eksklüziv avtomobil nömrəsi üçün 8,5 milyon avro təklif etməsi ilə bağlı məlumatlar fonunda. Müxtəlif mənbələr Pavelin ümumi sərvətini 9-15,5 milyard dollar arasında qiymətləndirir.
Qeyd edək ki, Pavel Durov avqustun sonunda Paris hava limanında saxlanılıb. O, mütəşəkkil cinayətkarlıqla bağlı cinayətlərdə, o cümlədən narkotik vasitələrin və uşaq pornoqrafiyasının yayılmasında iştirakda, habelə səlahiyyətli orqanların sorğusu əsasında məlumat verməkdən imtina etməkdə ittiham olunub.
Durovla bağlı təhqiqat “Telegram” rəhbərliyinin uşaqlara qarşı seksual xarakterli zorakılıq halında Fransa hakimiyyətinin sorğusuna cavab verməməsindən sonra başlayıb. Həbsindən bir neçə gün sonra Durov polisə xəbər vermək öhdəliyi ilə zaminə buraxılıb.