Tiktokerlərin Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə görüşünə aktyor Türkay Cəfərli də münasibət bildirib.
OLAY yazır ki, sənətçi bununla bağlı feysbuk hesabından paylaşım edib.
O, tiktokerləri özlərinə örnək götürən gəncləri də qınayıb:
“Camaat, cəmiyyət banal böyümək istəyirsə, biz nəyin müzakirəsini edirik? Tiktokerlər asan pul qazanmağın qışqırmaq, bir-birinə söyməklə olduğunu İqtisad Universitetinin tələbələrinə aşılayırsa və bu tələbələr də onu özləri üçün ən ideal variant hesab edirsə, nəyin müzakirəsini edirik? Gələcəyin iqtisadçıları (Allah bizi daha betər çuxura salmasın) gələcək Azərbaycanın iqtisadi inkişafına bu məsləhətlərlə getməyi ən uğurlu cığır hesab edirsə, nəyin müzakirəsini edirik?
Qızcığazları təsbehlə, məktəblərdə oğlanları pis əməllərlə məşğul olan gələcəklə irəli gediriksə, nəyin müzakirəsini edirik? Teleqramlarda 14-15 yaşlarında qızlarınızın, oğlanlarınızın veclərinə olmadan ifşası çıxırsa, biz nəyin müzakirəsini edirik? O universitetin Tələbə Gənclər Təşkilatının fonunda indi çox universitetlərin aqibətini artıq düşünəndə, adam bu cəmiyyətə uşaq verib böyütməyə diksinir. Cılızlaşmağa, sürtükləşməyə davam edin….”.
Qeyd edək ki, UNEC-də tiktokerlər Sabir Samiroğlu, Zaur İskəndərov və Nicat Şakirlinin tələbələrlə görüşünün təşkil edilməsi tənqidlə qarşılanıb. Sosial şəbəkə istifadəçiləri onların təhsil müəssisəsindəki görüşünü düzgün hesab etməyib.