Milan şəhərində yerləşən La Skala teatrının səhnəsində çıxış etmək opera sənətçilərinin karyerasında ən mühüm mərhələlərdən biri hesab olunur və sənətkarın beynəlxalq musiqi məkanında mövqeyini təsdiqləyən əhəmiyyətli hadisə kimi qiymətləndirilir.
OLAY yazır ki, Azərbaycanın Xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov La Skala səhnəsində çıxış edərək Cakomo Puççininin “Turandot” operasında Kələf partiyasını ifa edib. Qeyd olunan partiya dünya opera repertuarının ən mürəkkəb və prestijli tenor rollarından biri hesab olunur.
La Skala səhnəsində çıxış ifaçıdan yüksək vokal ustalığı ilə yanaşı, səhnə dəqiqliyi, peşəkar hazırlıq və formalaşmış musiqi ənənələrinə uyğunluq tələb edir.
“Bu, dünyanın ən əsas səhnəsidir - Milanda, La Skala teatrında. Bu, inanılmaz dərəcədə prestijli və eyni zamanda böyük məsuliyyətdir”, - deyə sənətçi bildirib.
İtaliya tamaşaçısı belkanto ənənələri əsasında formalaşmış yüksək musiqi zövqü və tələbkarlığı ilə seçilir, ifanın hər detalına xüsusi diqqət yetirir.
“Tamaşaçı burada çox tələbkardır, onu razı salmaq lazımdır. Belkanto sənəti məhz burada yaranıb və ona çox həssas yanaşırlar. Notlara, frazalara, sözlərə, yüksək notlara xüsusi diqqət yetirirlər - tamaşaçı çox tələbkardır”, - deyə o vurğulayıb.
Kələf partiyası Yusif Eyvazovun repertuarında xüsusi yer tutur və onun əsas səhnə rollarından biri hesab olunur. Sənətçi bu partiyanı dünyanın aparıcı opera səhnələrində, o cümlədən Metropolitan Opera teatrında (2015-ci ildə debüt edib), həmçinin London, Sankt-Peterburq, Berlin və Arena di Verona səhnələrində ifa edib.
La Skalədə təqdim olunan “Turandot” tamaşasının quruluşçu rejissoru Davide Livermore olub. Tamaşa genişmiqyaslı səhnə həlli və dinamik quruluşu ilə seçilir. Səhnənin daim hərəkətdə olması ifaçılardan həm vokal, həm də fiziki hazırlıq tələb edir.
Dirijor pultu arxasında Nicola Luisotti yer alıb. Tamaşada həmçinin Eva Plonka və Mariancela Sitsiliya çıxış ediblər.
“Bu, çox kreativ quruluşdur, səhnədə çoxlu sayda insan və daim hərəkətdə olan dekorasiyalar var. Həm hərəkət edib, həm də vokal dəqiqliyini qorumaq lazımdır - bu, asan deyil”, - deyə sənətçi bildirib.
Yusif Eyvazov səhnə tərəfdaşlarının peşəkarlığını da xüsusi qeyd edib:
“Çox vacibdir ki, səhnədə yanında yüksək səviyyəli peşəkarlar olsun. Biz bir-birimizlə bağlıyıq, ortaq iş görürük və bu uyğunluq çox şeyi müəyyən edir”.
La Skala səhnəsində Kələf partiyası ilə çıxış Yusif Eyvazovun beynəlxalq karyerasında növbəti mühüm mərhələ kimi qiymətləndirilir və onun dünya opera səhnələrində mövqeyini bir daha təsdiqləyir.