"Elxan Cəfərov cavandır, xidmətləri var. Əgər mən belə bir təklif etmişəmsə, Şəfiqə xanımın niyə kefinə dəyir? Şəfiqə xanımın 80 yaşı var, Elxanın isə 50".
OLAY yazır ki, bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqındakı "savaş"ın əsl səbəblərindən danışarkən deyib.
Aktyor qurultayda dəstək verəcəyi şəxsin adını açıqlamadığını vurğulayıb:
"Mən konkret ad çəkməmişəm, ikincisi də sədri və katibləri qurultayda seçirlər, mənim şəxsi istəyimlə seçmirlər. Mən kimisə sədr seçdirə bimərəm. Kinonun gələcəyini fikirləşərək cavan kadrların gəlməsini təklif edə bilərəm. Bu təklif də qurultayda verilə bilər. Tutaq ki, elə mən kinonun gələcəyini fikirləşmişəm, burda nə var ki? Şəfiqə kino deyil, teatr adamıdır. Vur-tut 2-3 filmdə çəkilib, o da 40 il bundan əvvəl. Mənim yeganə işim xidmət etdiyim kinonu xilas etmək, ittifaqları bir araya gətirmək olub. Bu dəfə də siz seçdiniz, mən seçməmişəm. Mənim işim parçalanmış camiəni bir araya gətirməkdir, vəssalam. Başqa məqsədim olmayıb. Namizədliyimi irəli sürsəydim, vəziyyət indiki kimi olmazdı, başqa cür olardı. Mən dura-dura, kim idi onlara səs verən?"
Xalq artisti xəstəxanada olarkən Şəfiqə Məmmədovanın onun ünvanına səsləndirdiyi "Mən xəstə olanda sən mənim yanıma gəldin?" sualına da aydınlıq gətirib:
"Mən seyidəm, Şəfiqə xanım mənim səhhətimlə maraqlanmasa da olar. Şəfiqə xanım çalışsın, xəstələnməsin. Xəstələnsə, mən bu dəfə ona baş çəkməyə gedəcəyəm. Maraqlanan gəldi, narahat olanlar da oldu, sağ olsunlar. Xəstəxanada olanda Şəfiqə xanımın müsahibəsini oxudum. Deyib ki, "Mən xəstə olanda sən mənim yanıma gəldin?" Məntiqi başa düşə bilmədim, mən şəxsi müstəvidən danışmıram ki. Nə bilim sən hansı xəstəxanada yatmısan. Xəstəxanada olanda Şəfiqə xanımın yanıma gəlməsi vəzifə borcudur. Bunu ona bir daha xatırladıram. Sən mənim qədər kinoya xidmət elə, sonra danışarsan. Gəlmirsənsə, gəlmə, bu, nə yanaşmadır? Bu adam hər yerdə şəxsi maraq güdür. Mən sənin yanına şəxsi müstəvidə gəlmirəm ki? Sənin şəxsi idarən deyil, ittifaq dövlətindir".
Aktyor qurultayda kino xadimlərinin Şəfiqə Məmmədovaya olan münasibəti xatırladıb:
"Konfransda seçki keçiriləndə bir adam sənə salam vermədi. Mən gəlib səni qucaqlayıb, öpdüm, təsəlli verdim ki, bu kino bayramıdır".
Qeyd edək ki, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovla Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayev, ittifaqın icraçı katibi Əli İsa Cabbarov və Şəfiqə Məmmədova arasında uzun müddətdir kı, gərginlik yaşanır. Bundan əvvəl bildirilirdi ki, Şeyx Əbdül Mahmudbəyov AKİ sədri Rasim Balayevin səhhətində yaranmış problemdən sonra onun xəstə olması, ittifaqa gəlib-gedə bilməməsi barədə məsələ qaldırmışdı. Aktyor AKİ yenidən qurultay keçirməli olduğunu demiş və AKİ sədrliyinə namizədinin də adını açıqlamışdı.