Britaniyalı sinth-pop qrupu “Living In A Box”un sabiq solisti və qurucularından biri, Riçard Derbişir 66 yaşında vəfat edib.
OLAY yazır ki, bu barədə məlumat qrupun rəsmi saytında yayımlanıb.
Bəyanatda deyilir:
“Böyük kədərlə bildiririk ki, 1987–1990-cu illərdə “Living In A Box” qrupunun yaradıcısı və frontmeni olan Riçard Derbişir dünyasını dəyişib…
Riçard, harada olursansa ol, biz səni çox darıxacağıq. Gülüşlərimizi, çılğın macəralarımızı heç vaxt unutmayacağıq”.
İfaçının ölüm səbəbi açıqlanmayıb.
Riçard Derbişir 1960-cı ildə İngiltərənin Çeşir qraflığında doğulub. Gəncliyində Mançesterdə təhsil alıb, daha sonra ailəsi ilə birlikdə Yaponiyaya köçərək amerika tipli internat məktəbdə oxuyub. Onun musiqiyə marağı “The Beatles” qrupundan başlayıb.
O, 20 yaşında musiqi karyerasına başlayıb və 1985-ci ildə “Living In A Box” kollektivinə vokalist və bəstəkar kimi qoşulub. Qrup 1987-ci ildə çıxan eyniadlı “Living In A Box” mahnısı ilə məşhurlaşıb.
1989-cu ildə Derbişir prodüserlərlə yaranan fikir ayrılığı səbəbindən qrupdan ayrılıb və solo karyerasına başlayıb. 1994-cü ildə “How Many Angels” adlı albomunu buraxıb. Onun gedişindən sonra qrup dağılmış, lakin 2016-cı ildə yeni vokalistlərlə fəaliyyətini bərpa etmişdi.