Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “Novo Nordisk” şirkətinin təşkilatçılığı ilə sağlamlıq mövzusunda məsuliyyətli kommunikasiya və elmi əsaslı məlumatlandırmaya həsr olunan beynəlxalq iCON Sammiti keçirilib.
OLAY yazır ki, noyabrın 9-da Yas Marina yarış kompleksində baş tutan tədbir Yaxın Şərq və Mərkəzi Asiya ölkələrindən jurnalistləri, influenserləri, rəqəmsal məzmun yaradıcılarını, dövlət qurumlarının nümayəndələrini və rəqəmsal səhiyyə tərəfdaşlarını bir araya gətirib.
Sammitin əsas məqsədi artıq çəki və piylənmə ilə bağlı cəmiyyətin məlumatlılığını artırmaq, sağlamlıq mövzusunda yanlış informasiyanın yayılmasının qarşısını almaq və elmi sübutlara əsaslanan məlumatların daha geniş auditoriyaya çatdırılmasını təşviq etmək olub.
“Novo Nordisk”in Azərbaycan ofisinin təşəbbüsü ilə ölkəmizdən də media nümayəndələri, influenserlər və rəqəmsal məzmun yaradıcıları sammitdə iştirak ediblər.
Tədbir çərçivəsində keçirilən panel müzakirələrində və interaktiv sessiyalarda sosial şəbəkələrin insanların sağlamlıqla bağlı qərarlarına təsiri, jurnalistlərin və influenserlərin ictimai məsuliyyəti, eləcə də etibarlı tibbi məlumatların dezinformasiyadan fərqləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Müzakirələrdə vurğulanıb ki, insanların sağlamlıqla bağlı məlumatları getdikcə daha çox rəqəmsal platformalardan əldə etməsi bu sahədə fəaliyyət göstərən ictimai nüfuzlu şəxslərin məsuliyyətini artırır.
“Novo Nordisk”in Yaxın Şərq və Mərkəzi Asiya üzrə vitse-prezidenti, həkim Burak Cem çıxışında bildirib ki, sağlamlıqla bağlı keyfiyyətli ictimai dialoqun formalaşdırılması yalnız səhiyyə şirkətlərinin fəaliyyəti ilə məhdudlaşmır:
“Biz Novo olaraq elmi biliklərimizi və səhiyyə sahəsindəki təcrübəmizi bölüşə bilərik. Lakin sağlamlıq mövzusunda daha keyfiyyətli ictimai dialoqu təkbaşına inkişaf etdirə bilmərik. Məhz buna görə insanların sağlamlıqla bağlı məlumatları necə əldə etməsinə, anlamasına və bu məlumatlardan yararlanmasına təsir göstərən tərəfləri bir araya gətiririk. Rollarımız fərqli olsa da, məqsədimiz ortaqdır: etibarlı məlumatları tapmağı və anlamağı asanlaşdırmaq, insanlara sağlamlıqları ilə bağlı dolğun məlumat əsasında seçim etmək imkanı yaratmaq”.
Sammitdə çıxış edən konsultant-endokrinoloq Ahmed Al Sharefi isə səhiyyə mütəxəssislərinin rəqəmsal platformalarda daha fəal olmasının vacibliyini qeyd edib:
“Səhiyyə mütəxəssisləri hər zaman tibbi biliklərin etibarlı mənbəyi olublar. Lakin bu gün həmin etimadı rəqəmsal mühitdə də qurmalıyıq. Sağlamlıqla bağlı müzakirələr getdikcə daha çox onlayn platformalara keçdikcə həkimlərin üzərinə etibarlı və anlaşılan məlumatları paylaşmaq məsuliyyəti düşür”.
Tədbirdə BƏƏ, Qətər, Küveyt, Bəhreyn, Oman, Səudiyyə Ərəbistanı, Misir, Livan, İordaniya, İraq, Pakistan, Qazaxıstan və Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən nümayəndələr iştirak ediblər.
Qeyd edək ki, iCON – Beynəlxalq İnfluenserlər Konvensiyası “Novo Nordisk”in Yaxın Şərq və Mərkəzi Asiya biznes bölməsi tərəfindən təşkil olunan regional təşəbbüsdür. Layihə sağlamlıq savadlılığının artırılmasını, xüsusilə çəkinin idarə olunması mövzusunda elmi əsaslı məlumatların yayılmasını və səhiyyə mütəxəssisləri ilə ictimaiyyət arasında etibarlı kommunikasiyanın qurulmasını hədəfləyir.
Azərbaycanda 30 ilə yaxındır fəaliyyət göstərən “Novo Nordisk” şirkəti diabet, artıq çəki və piylənmə ilə yaşayan insanların müalicə imkanlarına çıxışının yaxşılaşdırılması, səhiyyə mütəxəssislərinin dəstəklənməsi və xroniki xəstəliklərlə bağlı maarifləndirmə istiqamətində fəaliyyət göstərir.