Son illər artıq çəki və piylənmə problemi dünyada ən çox müzakirə olunan sağlamlıq mövzularından birinə çevrilib. Bəs piylənmə ilə mübarizədə əsas çətinlik nədən ibarətdir? Müalicənin qiymətindən, insanların kifayət qədər məlumatlı olmamasından, yoxsa səhiyyə xidmətlərinə çıxış imkanlarından?

Əbu-Dabidə keçirilən, sağlamlıq mövzusunda elmi əsaslı və məsuliyyətli kommunikasiyaya həsr olunan beynəlxalq iCON Sammitində bu və digər mühüm məsələlər diqqət mərkəzində olub.

OLAY olaraq sammit çərçivəsində dünyanın aparıcı əczaçılıq şirkətlərindən biri olan Novo Nordisk-in Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Burak Cemlə həmsöhbət olduq.

Müsahibəmizdə şirkətin Azərbaycandakı prioritetləri, ölkəmizdə piylənmənin müalicəsinə mane olan amillər, müalicə imkanlarının yaxşılaşdırılmasında şirkətin mümkün rolu və cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlər barədə danışdıq.

Eyni zamanda, illərdir arıqlamaq istəyən insanlara verilən “Az ye, çox hərəkət et” tövsiyəsinin nə üçün hər zaman kifayət etmədiyini, qeydiyyatsız və saxta preparatların yaratdığı təhlükələri, eləcə də çəki azaltmaq üçün müalicə üsulu seçərkən diqqət yetirilməli məqamları gündəmə gətirdik.

Burak Cemlə müsahibəni təqdim edirik:

– İlk növbədə, sizi salamlayırıq. Azərbaycanla bağlı münasibətiniz və fəaliyyətiniz haqqında nə deyə bilərsiniz?

– Bir qardaş olaraq deyə bilərəm ki, Azərbaycan üçün qapılarımız hər zaman açıqdır. Komandam ölkənizdə bir çox uğurlu layihələr həyata keçirir. Mən hazırda 22 ölkəyə cavabdeh olan vitse-prezident kimi İstanbuldan fəaliyyət göstərirəm. Artıq 24 ildir bu şirkətdə çalışıram. 2002-ci ildə Novo Nordisk-də fəaliyyətə başlamışam və bu günə qədər işimi davam etdirirəm.

– Sizə daha uzun illər uğurlar arzulayırıq. İlk sualımı piylənmə ilə bağlı vermək istəyirəm. Sizcə, Azərbaycanda piylənmənin müalicəsi qarşısında duran əsas maneə nədir?

– Əslində, bu problem təkcə Azərbaycana aid deyil, dünyanın bir çox ölkəsində mövcuddur.

20 ildən artıq müddət əvvəl biz daha çox diabet sahəsinə fokuslanan şirkət idik. Lakin zaman keçdikcə anladıq ki, piylənmə probleminə də ciddi yanaşmalıyıq. Çünki piylənmədən əziyyət çəkən insanlar sonrakı mərhələlərdə diabet və ya 200-ə yaxın müxtəlif yanaşı xəstəliklə üzləşə bilirlər. Hətta bəzi xərçəng növləri də piylənmə ilə əlaqələndirilir.

Bu sahədə fəaliyyətə başlayanda insanların mövzuya nə qədər böyük maraq göstərdiyini gördük. Əvvəllər heç kim bizə yaxınlaşıb insulin haqqında soruşmurdu. Amma piylənmə ilə bağlı müraciətlər çox idi. İnsanlar arıqlamaq istədiklərini, bu preparatlardan necə istifadə edə biləcəklərini soruşurdular. Burada ilk problem məlumat çatışmazlığıdır.

İkinci problem isə dövlətlərin uzun müddət piylənməni xroniki xəstəlik kimi qəbul etməməsi idi. Xroniki xəstəlik uzunmüddətli müalicə tələb edən vəziyyət deməkdir. Əvvəllər piylənməyə çox sadə yanaşılırdı: bir az az ye, bir az çox hərəkət et və problemin həll olunsun. Hətta mənə tibb təhsili aldığım dövrdə də bu yanaşma öyrədilmişdi. Amma sonradan bunun o qədər də sadə olmadığı ortaya çıxdı. Buna görə də ölkələr zamanla piylənmənin xroniki xəstəlik olduğunu qəbul etməyə başladılar. Ümumdünya Səhiyyə Təşkilatı da bu məsələyə xüsusi diqqət ayırır.

Xroniki xəstəlikdən danışırıqsa, onun müalicəsinə də ciddi yanaşmalıyıq. Burada dərman müalicəsinin də öz yeri var. Eyni zamanda, insanlar hələ xəstələnməmişdən əvvəl profilaktik tədbirlər görülməlidir. Bütün bunları kompleks şəkildə həyata keçirmək isə yalnız bir əczaçılıq şirkətinin imkanları daxilində deyil. Hökumətlər də bu prosesdə iştirak etməlidirlər. Bu gün dünyada bir milyarddan çox insan piylənmə ilə yaşayır. Bir şirkətin təkbaşına bu problemi həll etməsi mümkün deyil. Elə buna görə də hökumətlərlə, səhiyyə təşkilatları ilə və sizin kimi media nümayəndələri ilə əməkdaşlıq etmək istəyirik. Məqsədimiz insanlara piylənmənin həqiqətən xəstəlik olduğunu, bu problemin həllinin isə yalnız bir istiqamətdən deyil, müxtəlif sahələrin birgə fəaliyyəti nəticəsində mümkün olduğunu anlatmaqdır. Burada sizin, jurnalistlərin də çox böyük rolunuz var.

– Bəs Novo Nordisk şirkət olaraq bu maneələrin aradan qaldırılmasına necə töhfə verə bilər?

– Hazırda dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstəririk. Amerikadan Avropaya, Yaponiyadan Çinə, Avstraliyaya qədər çox geniş coğrafiyada təmsil olunuruq.

Hər ölkənin özünəməxsus xüsusiyyətləri və ehtiyacları var. Bu məsələdə məsuliyyət yalnız şirkətin üzərinə düşmür. Pasiyentin də, hökumətin də, səhiyyə sisteminin də, əlbəttə ki, sizin – media nümayəndələrinin də üzərinə mühüm vəzifələr düşür.

– İllərdir insanlara “Az ye, çox hərəkət et” deyilir. Bəs niyə bu yanaşma piylənmə ilə mübarizədə kifayət etmir?

– Çünki insanlar bunu illərdir sınayırlar. Aylarla idman zallarına gedirlər, salat yeyirlər, qidalanmalarına diqqət edirlər. Amma müəyyən müddətdən sonra itirdikləri çəkini yenidən geri qaytarırlar. Əslində, problem düşündüyümüzdən daha mürəkkəbdir. Bu səbəbdən peşəkar tibbi yardım almaq, ehtiyac olduqda dərman müalicəsindən də istifadə etmək, eyni zamanda sağlam qidalanma və fiziki aktivliyi davam etdirmək lazımdır. Yəni məsələyə kompleks yanaşmaq vacibdir. Problemin kökünə enmək lazımdır. Yalnız bu halda effektiv müalicədən danışmaq mümkündür. Əvvəlcə piylənmənin bir xəstəlik olduğunu qəbul etməliyik. Bundan sonra digər məsələlərin həllinə keçmək daha asan olacaq.

– Dərman müalicəsindən danışdıq. Amma bu preparatlar hər kəs üçün nəzərdə tutulmayıb. Digər tərəfdən, bazarda qeydiyyatsız və saxta arıqlama preparatlarına da rast gəlinir. Belə məhsulların əsas təhlükələri nələrdir?

– Bu, bizim də son dərəcə ciddi yanaşdığımız məsələlərdən biridir. Belə hallarla qarşılaşdıqda dərhal müvafiq dövlət qurumlarını məlumatlandırırıq. Çünki burada söhbət yalnız sağlamlıqdan getmir, həm də hüquqi məsuliyyət var. Təsəvvür edin, mənşəyi məlum olmayan bir preparatı bədəninizə inyeksiya edirsiniz. Onun tərkibində hansı aktiv maddənin olduğunu, hansı yan təsirlərə səbəb ola biləcəyini bilmirsiniz. İlk növbədə, yalnız müvafiq tənzimləyici qurumlar tərəfindən təsdiqlənmiş preparatlardan istifadə edilməlidir. Bu məhsulların bir çoxu soyuq zəncir şəraitində saxlanılmalıdır. Yəni müəyyən temperatur rejimi qorunmalı, bəzi preparatlar soyuducuda saxlanılmalıdır. Biz hər hansı dərmanı bazara təqdim etməzdən əvvəl onun üzərində illərlə klinik tədqiqatlar aparırıq. Tibb fakültəsində bizə öyrədilən ilk prinsiplərdən biri budur: “Əgər kömək edə bilmirsənsə, heç olmasa zərər vermə”.

Saxta və qeydiyyatsız preparatlarda isə nə faydanı, nə də potensial zərəri dəqiq bilirik. Dərmanın istifadəsinə icazə verilməsi üçün klinik tədqiqatlar aparılmalı, nəticələr müvafiq qurumlara təqdim edilməli, bütün məlumatlar preparatın istifadə təlimatında əks olunmalıdır. Həm həkim, həm də pasiyent nə istifadə etdiyini bilməlidir. Ən əsası isə konkret pasiyent üçün uyğun müalicəni həkim müəyyən etməlidir.

– Bəs çəki azaltmaq üçün müalicə üsulu seçərkən insanlar nələrə diqqət etməlidirlər?

– Bu, pasiyentdən pasiyentə dəyişir. İlk növbədə, bədən kütlə indeksinə baxmaq lazımdır. Onun hesablanması çox sadədir və müxtəlif internet səhifələrində bunu etmək mümkündür. Məsələn, tutaq ki, çəkim 88 kiloqram, boyum isə 1 metr 80 santimetrdir. Bədən kütlə indeksini hesablamaq üçün çəkini boyun metrlə ifadə olunmuş qiymətinin kvadratına bölürük. Yəni 88-i əvvəl 1,8-ə, sonra yenidən 1,8-ə bölürük. Əgər alınan göstərici 30 və ya daha yüksəkdirsə, bu, piylənmə hesab olunur və müalicə ehtiyacının qiymətləndirilməsi vacibdir. Göstərici 27 və ya daha yüksəkdirsə, eyni zamanda yüksək xolesterin, diabet, hipertoniya kimi yanaşı xəstəliklər mövcuddursa, dərman müalicəsi də nəzərdən keçirilə bilər. Bu meyarlardan kənarda isə dərman müalicəsinə ehtiyac fərdi qaydada qiymətləndirilməlidir.

– Burada 1,8 rəqəmini niyə istifadə edirik?

– Çünki nümunədə insanın boyu 1 metr 80 santimetrdir. Boyu metrə çevirdikdən sonra hesablamanı aparırıq.

– Novo Nordisk-in dünyada təxminən 68 min əməkdaşı var və şirkət bir çox ölkədə fəaliyyət göstərir. Bəs Azərbaycandakı əsas prioritetləriniz nələrdir?

– Dünyanın 80-dən çox ölkəsində təşkilati strukturumuz mövcuddur. Azərbaycan da onlardan biridir. Məsələn, MDB ölkələrinin hamısında fəaliyyət göstərmirik. Bu regionda Azərbaycan və Qazaxıstanda təşkilati mövcudluğumuz var. Fəaliyyət göstərdiyimiz bütün ölkələrdə müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edirik. Çünki biz həmin ölkələrə sadəcə dərman satmaq üçün getmirik. Bizim məqsədimiz insanların uzunmüddətli sağlamlığının təmin olunmasına töhfə verməkdir. Yeni yanaşmamızın əsas ideyası da budur: indidən hərəkətə keçərək gələcək üçün davamlı sağlamlıq imkanları yaratmaq. Buna nail olmaq üçün yalnız şirkət olaraq fəaliyyət göstərməyimiz kifayət deyil. Dövlət qurumları ilə, müxtəlif assosiasiyalarla və ictimai təşkilatlarla birlikdə çalışmalıyıq. Söhbət təkcə səhiyyə sektorundan, həkimlərdən və bu sahəyə maraq göstərən mütəxəssislərdən getmir. İnsan sağlamlığına hansısa formada təsir edən hər kəslə əməkdaşlıq etməyə hazırıq. Bu gün burada sizinlə bir araya gəlməyimizin səbəbi də məhz budur. Biz bilirik ki, sizi izləyən, sizin məlumat çatdırdığınız insanlar düzgün istiqamətləndirilsələr, öz sağlamlıqları ilə bağlı daha doğru qərarlar verə bilərlər.