Azərbaycan kinosunda yeni macəra janrında çəkilmiş “Akinak” filmi 2026-cı ilin may ayından etibarən ölkə kinoteatrlarında nümayiş olunacaq.
OLAY yazır ki, uşaq və yeniyetmə qəhrəmanların baş rolda olduğu ekran əsəri maraqlı macəra xətti, dinamik süjeti və vətənpərvərlik motivləri ilə seçilir.
Film qədim tarix və mifoloji elementlərdən ilhamlanan hekayə üzərində qurulub. Süjet xəttində bir neçə yeniyetmə qəhrəmanın qədim və simvolik əhəmiyyət daşıyan Akinak qılıncını əldə etmək üçün keçdiyi çətin və təhlükəli yol təsvir olunur. Bu macəra zamanı qəhrəmanlar müxtəlif sınaqlarla üzləşir, dostluğun, sədaqətin və cəsarətin əsl mənasını anlayırlar. Filmdə həm macəra, həm də vətənpərvərlik motivləri xüsusi yer tutur.
Layihənin “Narimanfilm” MMC tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə istehsal olunub. Film Azərbaycan kinosunda uzun fasilədən sonra çəkilən tammetrajlı uşaq macəra filmlərindən biri kimi qiymətləndirilir.
Filmin quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Ruslan Ağazadə, ikinci rejissoru isə Anar Almazovdur. Ssenari müəllifləri İlqar Safat, Azər Ziyadlı, İrəvani və Lətif Lətifsoydur. Həmçinin yaradıcı heyətdə quruluşçu rəssamlar Əziz Məmmədov və Valeh Davudov, geyim üzrə rəssam Nicat Məmmədov, qrim üzrə rəssam Marina Martinçik, səs rejissoru Tariyel Həsənzadə, montaj üzrə Qurban Abiyev, vizual effektlər üzrə İqrar Əşrəfzadə çalışmışdır. Filmin icraçı prodüseri Aydın Hacıyev, prodüseri isə Nəriman Məmmədovdur.
“Akinak” filmi maraqlı macəra süjeti, gənc qəhrəmanların hekayəsi və zəngin vizual həlli ilə Azərbaycan tamaşaçılarına yeni kino təcrübəsi təqdim etməyi hədəfləyir. Film ailəvi auditoriya üçün nəzərdə tutulub və gənc tamaşaçılar arasında milli tarix və qəhrəmanlıq mövzularına marağı artırmağı məqsəd qoyur.
Filmin 2026-cı ilin may ayından etibarən ölkənin bütün kinoteatrlarında nümayişi planlaşdırılır.